Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Vəhy

Vəhy 6

Help us?
Click on verse(s) to share them!
1Mən gördüm ki, Quzu yeddi möhürün birini açdı. Onda dörd canlı məxluqdan birinin göy gurultusuna bənzər səslə «gəl» dediyini eşitdim.
2Gördüm ki, bir ağ at və onun belində oturan atlının əlində ox-kaman var. Ona bir tac verildi və bir qalib kimi yola çıxdı ki, qələbə qazansın.
3Quzu ikinci möhürü açanda ikinci canlı məxluqun «gəl» dediyini eşitdim.
4Onda ayrısı – od rəngində bir at ortaya çıxdı. Onun belində oturan atlıya izin verildi ki, yer üzündə sülhü aradan götürsün və insanlara bir-birini qırdırsın. Atlıya böyük bir qılınc verildi.
5Quzu üçüncü möhürü açanda üçüncü canlı məxluqun «gəl» dediyini eşitdim. Gördüm ki, bir qara at və onun belində oturan atlının əlində tərəzi var.
6Dörd canlı məxluqun arasından sanki bir səsin belə dediyini eşitdim: «Bir xiniks buğda bir dinara, üç xiniks arpa da bir dinaradır; amma zeytun yağına və şəraba ziyan vurma».
7Quzu dördüncü möhürü açanda dördüncü canlı məxluqun «gəl» dediyini eşitdim.
8Gördüm ki, bir solğun rəngdə at var. Onun belində oturan atlının adı Ölüm idi. Ölülər diyarı da onun ardınca gedirdi. Onlara yer üzünün dörddə biri üzərində səlahiyyət verildi ki, qılınc, aclıq, azar və yer üzündəki vəhşi heyvanlarla insanları qırsınlar.
9Quzu beşinci möhürü açanda qurbangahın altında Allahın kəlamına və etdikləri şəhadətə görə kəsilən canları gördüm.
10Onlar uca səslə fəryad edirdi: «Ey müqəddəs və haqq olan Pərvərdigar, nə vaxta kimi mühakimə etməyib yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan?»
11Onda hər birinə ağ xalat verilib deyildi ki, özləri ilə birgə qulluq edən, onlar kimi öldürüləcək bacı-qardaşlarının sayı tamam olana qədər bir az vaxt da rahat olsunlar.
12Quzu altıncı möhürü açanda gördüm ki, böyük bir zəlzələ baş verdi. Günəş qıldan toxunan çul kimi qaraldı və ayın rəngi bütünlüklə qan kimi oldu.
13Göydəki ulduzlar da əncir ağacının güclü küləkdən sarsılıb kal meyvələrini tökdüyü kimi yerə töküldü.
14Göy də bükülən tumar kimi çəkilib getdi. Hər dağ və ada yerindən tərpəndi.
15Onda yer üzünün padşahları, böyük adamlar, sərkərdələr, varlılar, güclülər, hər qul və azad adam mağaralarda və dağlardakı qayalar arasında gizlənib
16dağlara və qayalara dedilər: «Üstümüzə qopub düşün və bizi taxtda Oturanın üzündən, Quzunun qəzəbindən gizlədin.
17Çünki qəzəblərinin böyük günü gəlib çatdı və ona qarşı kim dura bilər?»