Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Vəhy

Vəhy 17

Help us?
Click on verse(s) to share them!
1Yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışdı və dedi: «Gəl, çoxlu suların üzərində oturmuş bədnam fahişə barədə çıxacaq hökmü sənə göstərim.
2Yer üzünün padşahları onunla əxlaqsızlıq etdilər və yer üzündə yaşayanlar onun əxlaqsızlıq şərabından sərxoş oldular».
3O məni Ruhda çölə apardı. Orada mən gördüm ki, bir qadın yeddi başlı, on buynuzlu və üstündə başdan-başa küfr adları yazılan al rəngli bir vəhşi heyvanın belində oturub.
4Qadın tünd qırmızı və al rəngli paltar geyinmiş, qızıl, qiymətli daş və mirvari ilə bəzənmişdi. Onun əlində iyrənc şeylər və öz əxlaqsızlığının çirkabı ilə dolu qızıl kasa var idi.
5Alnında isə bu sirli ad yazılmışdı: «Yer üzünün fahişələrinin və iyrəncliklərinin anası olan böyük Babil».
6Mən gördüm ki, qadın müqəddəslərin qanından və İsaya şəhadət edənlərin qanından sərxoş olub. Bunu görüb hədsiz heyrətləndim.
7Onda mələk mənə dedi: «Nə üçün heyrətə düşdün? Mən sənə qadının və onu daşıyan yeddi başlı, on buynuzlu vəhşi heyvanın sirrini açacağam.
8Gördüyün vəhşi heyvan var olmuş, indi yox olan və dibsiz dərinliklərdən çıxmaq üzrə olaraq həlaka gedir. Yer üzündə yaşayan və dünya yaranandan bəri adı həyat kitabına yazılmamış adamlar vəhşi heyvanı görəndə heyrətə düşəcək, çünki o var olmuş, yox olan, amma yenə gəlməli olandır.
9Bu işdə müdrik ağıl lazımdır. Yeddi baş qadının oturduğu yeddi təpədir. Bunlar həm də yeddi padşahdır.
10Onlardan beşi ölüb, biri qalıb, digəri isə hələ gəlməyib və gələndə də qısa müddət qalmalıdır.
11Bir zaman var olmuş, indi isə yox olan vəhşi heyvan da səkkizinci padşahdır. O, yeddi padşahdan biridir və həlaka gedir.
12Gördüyün on buynuz hələ padşahlıq etməyən on padşahdır. Onlar vəhşi heyvanla birgə səlahiyyəti ələ alıb bir saat padşahlıq edəcəklər.
13Onların vahid bir niyyəti var, öz qüdrət və səlahiyyətlərini vəhşi heyvana təhvil verəcəklər.
14Onlar Quzu ilə döyüşəcəklər, lakin Quzu onlara qalib gələcək. Çünki O, ağaların Ağası, padşahların Padşahıdır və Onunla birgə olanlar da çağırılmış, seçilmiş və sadiq şəxslərdir».
15Mələk mənə dedi: «Fahişənin üzərində oturduğunu gördüyün sular – xalqlar, kütlələr, millətlər və dillərdir.
16Gördüyün vəhşi heyvan və on buynuz isə fahişəyə nifrət edərək onu soyub çılpaq qoyacaq, ətini yeyəcək və onu odda yandıracaq.
17Çünki Allah bunu onların ürəyinə qoydu ki, Allahın niyyətini yerinə yetirsinlər, həmfikir olub Onun sözləri tamamlanana qədər padşahlıqlarını vəhşi heyvana təhvil versinlər.
18Gördüyün qadın da yer üzünün padşahları üzərində padşahlıq edən böyük şəhərdir».