Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Vəhy

Vəhy 21

Help us?
Click on verse(s) to share them!
1Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi.
2Mən müqəddəs şəhərin – yeni Yerusəlimin göydən, Allahın yanından endiyini gördüm. Şəhər öz bəyi üçün bəzədilmiş gəlin kimi hazırlanmışdı.
3Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq.
4Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi».
5Taxtda Oturan dedi: «Budur, Mən hər şeyi yenidən qururam». Yenə dedi: «Yaz, çünki bu sözlər etibarlı və həqiqidir».
6O mənə dedi: «Tamam oldu! Alfa və Omeqa, Başlanğıc və Axır Mənəm. Mən susayana həyat suyunun qaynağından müftə su verəcəyəm.
7Qalib gələn bunları irs alacaq; “Mən ona Allah, o isə Mənə oğul olacaq”.
8Qorxaqların, imansızların, iyrənclərin, qatillərin, əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün yalançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq; bu, ikinci ölümdür».
9Son yeddi bəla ilə dolu yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışaraq dedi: «Gəl, mən sənə Quzunun arvadı olacaq gəlini göstərim».
10O məni Ruhda böyük və uca bir dağın başına apardı. Oradan mənə göydən, Allahın yanından enən müqəddəs şəhəri, Yerusəlimi göstərdi.
11Allahın ehtişamı orada idi; oradakı işıq ən qiymətli daş – büllur yəşəm daşı kimi parıldayırdı.
12Oranın böyük və uca divarı, on iki darvazası var idi. Darvazalarda on iki mələk durmuşdu. Darvazaların üstündə İsrailin on iki qəbiləsinin adı həkk olunmuşdu.
13Şərqdə üç darvaza, şimalda üç darvaza, cənubda üç darvaza və qərbdə üç darvaza var idi.
14Şəhər divarının on iki təməli var idi və təməllərin üstündə Quzunun On İki həvarisinin adı var idi.
15Mənimlə danışan mələyin əlində şəhəri, oranın darvazalarını və divarını ölçmək üçün bir qızıl ölçü qamışı var idi.
16Şəhər dördbucaqlı şəklində idi və oranın uzunluğu eninə bərabərdir. Mələk qamışla şəhəri ölçdü: oranın uzunluğu, eni və hündürlüyü bərabər olub 12 000 stadi idi.
17O, şəhərin divarını da ölçdü: onun hündürlüyü mələyin istifadə etdiyi insan ölçüsünə görə 144 qulac idi.
18Divar yəşəm daşından tikilmişdi, şəhər isə şəffaf şüşəyə bənzər saf qızıldan idi.

19Şəhər divarının təməlləri hər cür qiymətli daşla – birinci təməl yəşəmlə, ikincisi göy yaqutla, üçüncüsü əqiqlə, dördüncüsü zümrüdlə,
20beşincisi damarlı əqiqlə, altıncısı qırmızı əqiqlə, yeddincisi sarı yaqutla, səkkizincisi berillə, doqquzuncusu topazla, onuncusu zəbərcədlə, on birincisi sirkonla, on ikincisi ametistlə bəzədilmişdi.
21On iki darvaza on iki mirvaridən idi, hər darvaza bir mirvaridən düzəldilmişdi. Şəhərin baş küçəsi isə şüşə kimi şəffaf olan xalis qızıldan idi.
22Mən orada məbəd görmədim, çünki oranın məbədi Külli-İxtiyar Rəbb Allah və Quzudur.
23Şəhərin işıqlanması üçün nə günəşə, nə də aya ehtiyacı var, çünki Allahın ehtişamı oranı işıqlandırır, Quzu da oranın çırağıdır.
24Millətlər şəhərin işığında gəzəcək, yer üzünün padşahları cah-calalını oraya gətirəcək.
25Oranın darvazaları gündüz heç bağlanmayacaq, orada gecə olmayacaq.
26Millətlərin cah-calal və şərəfi oraya gətiriləcək.
27Oraya murdar olan heç bir şey, iyrənc iş görən və yalan danışan heç kim əsla girməyəcək, yalnız adları Quzunun həyat kitabına yazılanlar girəcək.