2Mənim yarım qızlar arasındadır, Elə bil bir zanbaq tikanlar arasındadır.
3Mənim sevgilim oğlanlar arasındadır, Meşədəki ağaclar arasında alma ağacına oxşayır. Kölgəsində oturmaqdan zövq alıram, Meyvəsinin dadı damağımdan getmir.
4O məni ziyafət evinə apardı, Sevgisi bayraq kimi üzərimdə dalğalanır.
5Mən eşq xəstəsiyəm, Kişmiş verin, qüvvətlənim, Alma verin, cana gəlim.
6Sevgilim sol əlini başımın altına salır, Sağ əli ilə məni qucağına alır.
7Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın.
8Bu, sevgilimin hənirtisidir! O, dağlardan aşaraq, təpələrdən sıçrayaraq gəlir.
9Sevgilim ahuya, maral balasına oxşayır, Budur, hasarımızın o tayında dayanır, Pəncərələrdən boylanır, barmaqlıqlardan baxır.
10Mənə belə dedi sevgilim: «Dur gəl, yarım, gözəlim.
11Budur, artıq qış keçib, Yağıntılar kəsilib.
12Hər yanda güllər bitib, Nəğmə oxumağın zamanı yetib, Qumrunun səsi torpağı bürüyüb.
13Əncir yaşıl bar gətirib, Üzüm çiçəklənib ətrini saçır. Dur gəl, yarım, gözəlim!»
14Ey gözəl göyərçinim, Sanki sal qayalarda, sıldırımlarda gizlənmisən. Qoy üzünü görüm, səsini eşidim, Çünki şirin səsli, gözəl surətlisən.
15Tülküləri, kiçik tülküləri tutun, Üzümlükləri korlamağa qoymayın, Çünki bağlarımız çiçəklənib.
16Sevgilim mənimdir, mən də onunam, O, sürüsünü zanbaqlıq içərisində otarır.
17Gün sərinləşənəcən, kölgələr düşənəcən, Ey sevgilim, geri qayıt, Şişuclu dağların qoynunda olan Ahuya, maral balasına bənzərsən.