16Səma altında bir şey də gördüm: Ədalətin yerində pislik var, Salehliyin də yerində pislik.
17Mən ürəyimdə dedim: “Allah həm salehi, Həm də pis adamı mühakimə edəcək. Çünki O hər iş, hər əməl üçün Bir vaxt qoyub”.
18İnsanlar barədə mən ürəyimdə dedim: “Allah onları sınayır ki, heyvan kimi olduqlarını görsünlər”.
19Çünki heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur.
20Hamısı bir yerə gedir, hamısı torpaqdan yaranıb, torpağa da qayıdır.
21Bunu kim bilir ki, insanların ruhu yuxarı qalxır, heyvanların ruhu aşağı – yerin altına enir?
22Gördüm ki, insanın etdiyi işdən zövq almasından yaxşı şey yoxdur, çünki onun payına düşən budur. Kim onu bir də geri qaytaracaq ki, özündən sonra nə olacağını görsün?