2Günəş, işıq, ay və ulduzlar sönməzdən əvvəl, Yağışdan sonra buludlar yenə qayıtmazdan əvvəl Onu xatırla.
3O gün gələndə Evi qoruyanlar tir-tir əsəcək, Güclülər əyiləcək, Əl dəyirmanı ilə işləyənlər Az olduqları üçün Dən üyüdə bilməyəcək, Pəncərədən baxanlar qaralacaq.
4Küçəyə açılan qapılar bağlanacaq, Dəyirmanların səsi kəsiləcək. Adamlar quş səsi ilə oyanacaq, Nəğmə oxuyan bütün qızların səsini Zəif eşidəcəklər.
5O zaman onlar uca yerdən qorxacaq, Yolda yerimək də təhlükəli olur. Bax badam ağacı çiçək verir, Çəyirtkə özünü güclə çəkir, Həvəsi zəifləyir. Beləcə insan son mənzilə gedir, Yas tutanlar küçələrə düşür.
6Gümüş iplər qopmamış, Qızıl kasa qırılmamış, Bulaq başında kuzə tikə-tikə olmamış, Quyu yanında çarx sınmamış,
7Torpaq gəldiyi yerə qayıtmamış, Həyat nəfəsi isə onu verən Allaha dönməmiş Səni Yaradanı xatırla».
8Vaiz deyir: «Hər şey puçdur, tamam puçdur».
9Vaiz hikmətli adam olmaqdan başqa, xalqa bilik də öyrədirdi. O bir çox məsəlləri araşdırıb axtardı və tərtib etdi.
10Vaiz faydalı sözlər tapmağa çalışdı. Onun yazdıqları düzgün və doğrudur.
11Hikmətlilərin sözləri çoban çubuğu kimi, topladıqları sözləri bərk vurulmuş mıxlar kimidir; o sözlər bir Çoban tərəfindən verilir.
12Bunlardan başqa, oğlum, sən buna diqqət et ki, Çox kitab yazmağın axırı yoxdur, Çox oxumaq adamı yorur.
13Hər şey aşkar oldu, Nəticə bundan ibarətdir: Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur.