1Ey ağalar, bilin ki, göydə sizin də Ağanız var. Ona görə qullarınızla ədalətli və insaflı olun.
2Özünüzü duaya həsr edin və duada şükür edərək oyaq durun.
3Eyni zamanda bizim üçün də dua edin ki, kəlamı yaymaq üçün Allah bizə bir qapı açsın və uğrunda həbs olunduğum Məsihin sirrini elan edim.
4Dua edin ki, mən bu sirri lazımınca açıq-aşkar bildirim.
5Kənar insanlarla müdrikliklə rəftar edin və hər fürsətdən istifadə edin.
6Sözünüz duzlu və hər zaman lütflə dolu olsun. Beləcə hər adama necə cavab vermək lazım olduğunu biləsiniz.
7Rəbdə sevimli qardaş, sadiq xidmətçi və əməkdaş olan Tixik mənim barəmdə hər şeyi sizə bildirəcək.
8Onu bu məqsədlə yanınıza göndərdim ki, bizim vəziyyətimizdən xəbərdar olasınız və o sizin qəlbinizi ovutsun.
9Onunla birlikdə sizlərdən biri olan sadiq və sevimli Onisim qardaşı da göndərirəm. Onlar sizə buradakı bütün işlər barədə məlumat verəcək.
10Mənimlə birlikdə məhbus olan Aristarx və Barnabanın əmisi oğlu Mark da sizə salam göndərir. Mark haqqında əmrləri almısınız. Yanınıza gəlsə, onu qəbul edin.
11Yust çağırılan Yeşua da sizə salam göndərir. Sünnətlilərdən yalnız bunlar Allahın Padşahlığı üçün mənim əməkdaşlarımdır və onlar mənə təsəlli verdilər.
12Məsih İsanın qulu və sizlərdən olan Epafra sizə salam göndərir. Allahın hər iradəsini yerinə yetirərək kamil və tam əminliklə möhkəm dayanasız deyə o sizin üçün hər zaman dualar edərək mübarizə aparır.
13Onun haqqında şəhadət edirəm ki, sizin üçün, Laodikeyada və Hierapolisdə olanlar üçün çox zəhmət çəkir.
14Sevimli həkim Luka və Dima da sizə salam göndərir.
15Laodikeyada olan bacı-qardaşlara, Nimfaya və onun evindəki cəmiyyətə salam söyləyin.
16Bu məktub aranızda oxunduqdan sonra onu Laodikeyalılar cəmiyyətində də oxudun, Laodikeyadan gələn məktubu isə siz də oxuyun.
17Arxipə bunu deyin: «Rəbdə sənə tapşırılan xidməti diqqətlə başa çatdır».
18Mən Paul bu salamı öz əlimlə yazıram. Unutmayın ki, mən həbsdəyəm. Sizə lütf olsun!