1Beləliklə, Məsihlə birlikdə dirildiyinizə görə ucalardakı şeyləri axtarın. Orada Məsih Allahın sağında oturub.
2Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün.
3Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb.
4Həyatınız olan Məsih zühur edəndə siz də Onunla birgə izzətlə zühur edəcəksiniz.
5Buna görə cisminizin dünyəvi meylləri olan cinsi əxlaqsızlığı, murdarlığı, şəhvəti, pis ehtirası və bütpərəstliyə tay olan tamahkarlığı öldürün.
6Bunlara görə Allahın qəzəbi itaətsizlərin üzərinə gəlir.
7Əvvəllər siz bunların içində yaşayanda belə həyat sürdünüz.
8İndi isə siz də qəzəbi, hiddəti, kini, böhtanı, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını kənara atın.
9Bir-birinizə yalan deməyin, çünki köhnə mənliyinizi və onun əməllərini üzərinizdən çıxarıb
10yeni mənliyə büründünüz. Yeni mənliyiniz onu Yaradanın surətinə bənzər şəkildə təzələnir ki, biliyiniz tam olsun.
11Bu təzələnmədə Yunanla Yəhudi, sünnətli ilə sünnətsiz, barbar, Skif, qulla azad arasında fərq yoxdur: Məsih hər şeydir və hamımızdadır.
12Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün.
13Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın.
14Bütün bunlardan əlavə, kamil birliyin bağı olan məhəbbətə bürünün.
15Məsihin sülhü qoy ürəklərinizdə münsiflik etsin, çünki bir bədənin üzvləri kimi bu sülhə dəvət olundunuz. Həmçinin şükür edənlər olun!
16Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun.
17Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin.
18Ey qadınlar, Rəbdə olanlara layiq olduğu kimi ərlərinizə tabe olun.
19Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın.
20Ey övladlar, hər işdə ata-ananıza itaət edin, çünki bu, Rəbbi razı salır.
21Ey atalar, övladlarınızı incitməyin, yoxsa cəsarətləri qırılar.
22Ey qullar, hər işdə dünyəvi ağalarınıza itaət edin. Bunu insanları razı salmaq üçün gözə xoş görünən xidmətlə deyil, səmimi qəlbdən, Allahdan qorxaraq edin.
23Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi can-dildən edin.
24Bilin ki, Rəbdən bunun əvəzinə irs alacaqsınız, çünki siz Rəbb Məsihə qulluq edirsiniz.
25Kim haqsızlıq edərsə, işlətdiyi haqsızlığın əvəzini alacaq, çünki Rəbb tərəfkeşlik etməz.