Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - 2 Korinflilərə

2 Korinflilərə 8

Help us?
Click on verse(s) to share them!
1Qardaşlar, sizə bildirmək istəyirik ki, Makedoniyadakı cəmiyyətlərə verilən Allahın lütfü nə etdi:
2onlar böyük əziyyətlərlə sınananda coşğun sevincləri hədsiz yoxsul olduqları halda zəngin səxavət göstərmələri ilə aşıb-daşdı.
3Mən şahidəm ki, onlar bunu bacardıqları qədər, hətta artıqlaması ilə, könüllü surətdə etdilər.
4Bizə yalvara-yalvara müqəddəslərə yardım işinə şərik olmaq lütfünə nail olmaq istədilər.
5Bu, gözlədiyimizdən də artıq oldu, çünki onlar özlərini əvvəlcə Rəbbə, sonra Allahın iradəsi ilə bizə həsr etdilər.
6Ona görə Titdən xahiş etdik ki, onun başladığı bu xeyriyyə işini sizin aranızda başa çatdırsın.
7Sizsə hər şeydə – imanda, sözdə, bilikdə, hər cür cəhddə, sizə göstərdiyimiz məhəbbətdə zəngin olduğunuz kimi bu xeyriyyəçilikdə də zəngin olun.
8Mən bunları əmr edərək demirəm, lakin başqalarının cəhdi ilə müqayisədə sizin məhəbbətinizin həqiqiliyini sınaqdan keçirərək deyirəm.
9Rəbbimiz İsa Məsihin lütfündən xəbərdarsınız: siz Onun yoxsulluğu vasitəsilə varlı olasınız deyə Özü varlı olduğu halda sizin uğrunuzda yoxsullaşdı.
10Bu barədə sizə məsləhət verirəm. Siz keçən il bu işi nəinki gördünüz, hətta təşəbbüskarı oldunuz. Öz xeyriniz üçün
11indi bu işi başa çatdırın. Buna həvəsiniz necə idisə, imkan daxilində bunu elə də başa çatdırın.
12Çünki insanın həvəsi varsa, verdiyi yardım imkanı çatmadığı qədər yox, imkanına görə məqbul sayılır.
13Sizi əziyyətə salıb başqalarına rahatlıq vermək deyil, bərabərlik istəyirik.
14İndi sizin əlavə vəsaitiniz qoy onların ehtiyaclarını ödəsin ki, lazım olanda onların vəsaiti də sizin ehtiyacınızı ödəsin. Beləcə qoy bərabərlik olsun.
15Necə ki yazılıb: «Çox yığanın artığı, az yığanın əskiyi olmadı».
16Titin ürəyində sizin üçün eyni cəhdi oyadan Allaha şükür olsun!
17Çünki Tit bizim xahişimizi qəbul etməklə kifayətlənmədi, böyük cəhd göstərərək könüllü surətdə sizin yanınıza gəlir.
18Müjdəni yaydığına görə bütün cəmiyyətlərdə təriflənən bir qardaşı da onunla birgə yanınıza göndəririk.

19Həmçinin o, Rəbbi izzətləndirmək və yardım etməyə həvəsli olduğumuzu göstərmək üçün apardığımız bu xeyriyyə işində yol yoldaşımız olmaq məqsədi ilə cəmiyyətlər tərəfindən seçildi.
20Bu bol olan nəzir-niyazla əlaqədar xidmətimizdə heç kim bizdə səhv tutmasın deyə diqqət göstəririk.
21Çünki məqsədimiz yalnız Rəbbin gözündə deyil, insanların da gözündə doğru sayılan işləri görməkdir.
22Çox işdə dəfələrlə sınaqdan keçirib cəhdini gördüyümüz, indi sizə bəslədiyi böyük etibar sayəsində daha da cəhd göstərən başqa qardaşımızı da onlarla bərabər göndəririk.
23Titə gəlincə, o mənim şərikim, sizlərin arasında çalışan əməkdaşım, qardaşlarımızsa Məsihin izzəti üçün cəmiyyətlərin elçiləridir.
24Buna görə də cəmiyyətlərin qarşısında məhəbbətinizi və sizinlə fəxr etməyimizin səbəbini onlara sübut edin.