Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - 2 Korinflilərə

2 Korinflilərə 6

Help us?
Click on verse(s) to share them!
1Buna görə Allahla birgə işləyən bizlər rica edirik ki, Onun lütfünü boş yerə qəbul etməyəsiniz.
2Çünki O deyir: «Münasib vaxtda səni eşitdim, Xilas günü sənə kömək etdim». Budur, indi münasib vaxt, budur, indi xilas günü.
3Xidmətimiz etibardan düşməsin deyə heç kimi büdrədən bir şey etmirik.
4Əksinə, Allahın xidmətçisi olaraq hər şeydə özümüz barədə zəmanət veririk; hədsiz dözümdə, əziyyətlərdə, ehtiyaclarda, sıxıntılarda,
5döyüləndə, həbslərdə, qarışıqlıqlarda, zəhmətdə, yuxusuz qalanda, aclıqlarda,
6pak yaşayanda, bilikdə, səbirdə, xeyirxahlıqda, Müqəddəs Ruhda, riyasız məhəbbətdə,
7həqiqəti elan edəndə, Allahın qüvvəsində, həm sağ, həm də sol əllərimizdə salehlik silahları ilə,
8gah ucalıb gah alçalaraq təhqir olunanda, təriflənəndə özümüz özümüzə zamin dururuq. Bizi yalançı sayırlar, amma biz doğruçuyuq.
9Sanki naməlumuq, amma tanınırıq. Elə bil ölümün ağzındayıq, amma hələ yaşayırıq. Elə bil cəza çəkirik, amma öldürülmürük.
10Sanki kədər içindəyik, əslində həmişə sevinirik. Yoxsul sayılırıq, amma çoxlarını varlandırırıq. Elə bil heç nəyimiz yoxdur, amma hər şeyə sahibik.
11Ey Korinflilər, sizinlə açıq danışırıq, sizə ürəyimizi açmışıq.
12Bizimlə yaxın münasibətinizə mane olan biz deyilik, bu maneə sizin daxili hisslərinizdədir.
13Buna cavab olaraq, sizə övladlarım kimi deyirəm: siz də ürəyinizi açın.
14İmansızlarla eyni boyunduruğa girməyin. Çünki salehliklə qanunsuzluğun nə şərikliyi var? İşıqla qaranlığın ortaq nəyi var?
15Məsihlə Belialın nə uyğunluğu var? Yaxud imanlı ilə imansızın ümumi nəyi var?
16Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahın məbədiyik. Belə ki Allah demişdi: «Mən aralarında yaşayıb-dolanacağam, Onların Allahı olacağam, Onlar da Mənim xalqım olacaq».
17Ona görə «aralarından çıxıb ayrılın» Rəbb belə deyir, «Murdar şeylərə toxunmayın»; «Mən də sizi qəbul edəcəyəm».
18«Mən sizə Ata olacağam, Siz də Mənə oğullar və qızlar olacaqsınız» Külli-İxtiyar Rəbb belə deyir.