3 Rəbb saleh insanı ac qoymaz, O, acgöz pisləri doydurmaz.
4 Tənbəlin əlləri onu yoxsullaşdırar, Çalışqanın əli sərvət qazanar.
5 Ağıllı oğul yayda məhsul yığar, Biçin vaxtı yatan oğul rüsvay olar.
6 Saleh insanın başından bərəkət yağar, Şər adamın dili zorakılığı gizli saxlar.
7 Saleh insanın adı xeyir-dua ilə çağırılar, Şər adamın adı isə çürüyər.
8 Qəlbən hikmətli olan əmrləri qəbul edər, Səfeh boşboğazlığı üzündən itib-batar.
9 Kamalla gəzib-dolaşan dinc yaşar, Yolu əyri olanlar üzə çıxar.
10 Göz vuran başına bəla açar, Səfeh boşboğazlığı üzündən itib-batar.
11 Salehin ağzı həyat qaynağı olar, Amma şər adamın dili zorakılığı gizli saxlar.
12 Nifrət nifaq yaradar, Lakin məhəbbət bütün günahları örtər.
13 Dərrakəlinin dilindən hikmət tökülər, Qanmaz kürəyindən kötəklənər.
14 Hikmətli adamlar bilik toplar, Səfehin boşboğazlığı onu bəlaya yaxınlaşdırar.