Text copied!
Bibles in South Azerbaijani

Levililər 23:13-24 in South Azerbaijani

Help us?

Levililər 23:13-24 in Azərbaycan dilində Müqəddəs Kitab

13 Toğlu ilə birlikdə taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş bir efanın onda ikisi olan miqdarda narın un gətirin. Bu, Rəbb üçün yandırma təqdimi – Onun xoşuna gələn ətirdir. İçmə təqdimi olaraq da bir hin şərabın dörddə birini gətirin.
14 Bu qurbanı Allahınıza təqdim etdiyiniz həmin günə qədər nə çörək, nə qovurğa, nə də təzə sünbül yeməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.
15 Şənbənin ertəsi günü olan yellədilən dərzi gətirdiyiniz gündən tam yeddi həftə,
16 yeddinci Şənbə gününün ertəsinədək əlli gün sayın, sonra Rəbbə təzə taxıl təqdimi gətirin.
17 Yaşadığınız hər yerdən yellədib təqdim etmək üçün bir efanın onda ikisi narın undan maya ilə bişirilmiş iki kömbə çörəyi Rəbbə nübar təqdimi gətirin.
18 Çörəklə birgə birillik yeddi qüsursuz toğlu, bir buğa və iki qoç təqdim edin. Bunlar taxıl təqdimləri və içmə təqdimləri ilə birlikdə Rəbb üçün yandırma qurbanıdır, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
19 Günah qurbanı üçün bir təkə, ünsiyyət qurbanı üçün isə iki birillik toğlu gətirin.
20 Kahin bu iki toğlunu nübar çörəyi ilə birgə Rəbbin hüzurunda yellədərək təqdim etsin. Bunlar kahinin Rəbb üçün müqəddəs payı olsun.
21 Həmin gün özünüz üçün müqəddəs toplantı elan edin və heç bir gündəlik iş görməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.
22 Torpağınızda məhsul biçəndə tarlanın qıraqlarını biçməyin və biçindən düşən başaqları yığmayın. Qoy qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm”».
23 Rəbb Musaya dedi:
24 «İsrail övladlarına belə de: “Yeddinci ayın birinci günü sizin üçün istirahət günü, şeypur çalınma ilə qeyd olunan gün, müqəddəs toplantı günü olsun.
Levililər 23 in Azərbaycan dilində Müqəddəs Kitab