Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Efeslilərə

Efeslilərə 5

Help us?
Click on verse(s) to share them!
1Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün.
2Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün.
3Əxlaqsızlığın, hər cür murdarlığın və yaxud tamahkarlığın adı belə, aranızda çəkilməsin, çünki bunlar müqəddəslərə yaraşmaz.
4Ədəbsizlik, boşboğazlıq və yaxud kobud zarafat da olmasın. Bunlar sizə yaramaz. Bunun əvəzində qoy şükür olsun.
5Əlbəttə, bilirsiniz ki, heç bir əxlaqsız, murdar yaxud bütpərəstə tay olan tamahkar adam Məsihin və Allahın Padşahlığında irsə malik olmayacaq.
6Qoy heç kim sizi boş sözlərlə aldatmasın. Bu şeylərə görə Allahın qəzəbi itaətsiz adamların üzərinə gəlir.
7Buna görə də onların şəriki olmayın.
8Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün.
9Çünki nurun bəhrəsi hər cür yaxşılıqda, salehlikdə və həqiqətdə görülür.
10Rəbbi razı salan şeyləri ayırd edin,
11qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin.
12Belə ki qaranlıqdakıların gizlicə etdikləri şeyləri söyləmək də ayıbdır.
13Nurun ifşa etdiyi hər şey aşkardır,
14bu cür nə aşkara çıxırsa, özü də nur olur. Buna görə belə deyilir: «Ey yatan, oyan və ölülər arasından diril! Məsih sənin üzərinə nur saçacaq».
15Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin, müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün.
16Hər fürsətdən istifadə edin, çünki günlər şərdir.
17Buna görə ağılsız olmayın, Rəbbin iradəsini dərk edin.
18Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun.

19Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun, Rəbbə ürəkdən nəğmələr çalıb-oxuyun.
20Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür edin.
21Məsih qorxusu ilə bir-birinizə tabe olun.
22Ey qadınlar, Rəbbə tabe olduğunuz kimi ərlərinizə tabe olun.
23Çünki bədənin Xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi ər də arvadının başıdır.
24Ona görə cəmiyyət Məsihə tabe olduğu kimi arvadlar da hər vəziyyətdə öz ərlərinə tabe olsunlar.
25Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin.
26Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin
27və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın.
28Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir.
29Çünki heç kim heç zaman öz vücuduna nifrət etməz. Əksinə, Məsih cəmiyyətə yanaşdığı kimi onu bəsləyib qayğısına qalar.
30Axı biz Onun bədən üzvləriyik.
31«Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq».
32Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm.
33Sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə ehtiram etsin.