Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - 2 Timoteyə

2 Timoteyə 4

Help us?
Click on verse(s) to share them!
1Allahın və dirilərlə ölüləri mühakimə edəcək Məsih İsanın önündə Onun zühuru və Padşahlığının haqqı üçün sənə buyururam ki,
2Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan, insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət verəsən.
3Çünki elə bir zaman gələcək ki, sağlam təlimə dözməyəcəklər. Qulaq oxşayan sözlər eşitmək üçün ətraflarına öz ehtiraslarına uyğun müəllimlər toplayacaqlar.
4Qulaqlarını həqiqətdən döndərəcək, əfsanələrə meyl göstərəcəklər.
5Amma sən hər vəziyyətdə ayıq ol. Əzaba qatlaş, müjdəçilik işini yerinə yetir, öz xidmətinə tam əməl et.
6Çünki qanım artıq içmə təqdimi kimi tökülmək üzrədir. Artıq ayrılma zamanım gəldi.
7Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım.
8İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək.
9Yanıma tez gəlməyə çalış.
10Çünki Dima indiki dövrü sevdiyi üçün məni tərk edib Salonikə getdi. Kreskent Qalatiyaya, Tit isə Dalmatiyaya getdi.
11Yalnız Luka yanımdadır. Markı da götür özünlə gətir, çünki o etdiyim xidmətdə mənə yardım edir.
12Tixiki isə Efesə göndərdim.
13Troasda Karpın yanında qoyduğum yapıncını, kitabları, xüsusən, yazılı dəriləri də gələndə gətir.
14Misgər İsgəndər mənə çox pislik etdi. Rəbb ona əməllərinin əvəzini verəcək.
15Sən də ondan özünü gözlə. Çünki söylədiklərimizə ciddi-cəhdlə zidd getdi.
16Mən ilk dəfə müdafiə olunanda heç kim mənə tərəfdar çıxmadı, hamı məni tərk etdi. Qoy onlara günah sayılmasın.
17Lakin Rəbb köməyimə gəlib mənə güc verdi ki, vəz mənim vasitəmlə tam elan edilsin və onu bütün millətlər eşitsin. Mən aslanın ağzından xilas oldum.
18Rəbb məni hər cür pis əməldən qurtaracaq və Öz Səmavi Padşahlığı üçün xilas edəcək. Ona əbədi olaraq izzət olsun! Amin.

19Priskila ilə Akilaya və Onisiforun ev əhlinə salam söylə.
20Erast Korinfdə qaldı. Trofimi isə xəstə halda Miletdə qoydum.
21Çalış ki, qışdan əvvəl gələsən. Evvul, Pudent, Lin, Klavdiya və bütün bacı-qardaşlar sənə salam göndərir.
22Rəbb sənin ruhuna yar olsun! Sizə lütf olsun!