1Nəhayət, qardaşlar, bizim üçün dua edin ki, Rəbbin kəlamı aranızda olduğu kimi sürətlə yayılıb izzət qazansın,
2pis və şər adamlardan xilas olaq. Çünki iman hamıya məxsus deyil.
3Amma Rəbb etibarlıdır. O sizi möhkəmləndirib şər olandan qoruyacaq.
4Biz də Rəbbə güvənərək sizdən arxayınıq ki, verdiyimiz əmrlərə əməl edirsiniz və edəcəksiniz.
5Qoy Rəbb ürəklərinizi Allahın məhəbbətinə və Məsihin dözümünə yönəltsin.
6Ey qardaşlar, Rəbbimiz İsa Məsihin adı ilə sizə əmr veririk ki, bizdən qəbul etdiyi təlimə görə yaşamayan, avara həyat sürən hər bir bacı-qardaşdan uzaqlaşın.
7Bizlərdən necə nümunə götürmək lazım olduğunu özünüz də bilirsiniz. Çünki yanınızda olarkən avara dolanmadıq,
8heç kimin çörəyini müftə yemədik. Əksinə, gecə-gündüz əmək və zəhmət çəkərək işlədik ki, heç birinizə yük olmayaq.
9Bunu ixtiyarımız çatmadığına görə deyil, sizə nümunəvi yol göstərərək bu yolla getməyiniz üçün etdik.
10Hətta biz sizinlə olarkən sizə bu əmri verdik: kim işləmək istəmirsə, yemək də yeməsin.
11Eşitmişik ki, sizlərdən bəzisi avara həyat sürür; heç bir iş görmədikləri halda hər şeyə qarışırlar.
12Belələrinə Rəbb İsa Məsih naminə əmr verib xəbərdarlıq edirik ki, sakitcə işləyib öz çörəklərini yesinlər.
13Sizsə, qardaşlar, yaxşılıq etməkdən yorulmayın.
14Əgər kimsə bu məktubdakı sözlərimizə qulaq asmaq istəməzsə, onu nəzərdə saxlayın və onunla əlaqəni kəsin ki, utansın.
15Yenə də onu düşmən sanmayın, bir qardaş kimi ona nəsihət verin.
16Sülh qaynağı olan Rəbbin Özü isə sizə hər zaman və hər vəziyyətdə sülh versin! Rəbb hamınıza yar olsun!
17Mən Paul salamı sizə öz əlimlə yazıram. Bunu hər məktubumda xüsusi bir işarə kimi yazıram.
18Rəbbimiz İsa Məsihin lütfü hamınıza yar olsun!