Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - 2 Peter

2 Peter 2

Help us?
Click on verse(s) to share them!
1Amma Allahın xalqı arasında yalançı peyğəmbərlər də ortaya çıxdı. Eləcə də sizin aranızda yanlış təlim yayanlar ortaya çıxacaq. Bunlar hətta özlərini satın alan Sahibini inkar edib gizlicə aranıza dağıdıcı və təfriqəçi təlim gətirəcəklər. Belələri öz başlarına tezliklə həlak gətirəcək.
2Hətta çoxları onların pozğunluğuna qoşulacaq və onların üzündən həqiqət yoluna küfr ediləcək.
3Tamahkarlıqlarından uydurma sözlərlə sizi istismar edəcəklər. Onların mühakiməsi çoxdan davam edir və həlakı hazırdır.
4Çünki Allah günahkar mələkləri cəzasız qoymadı, onları qiyamət gününə qədər saxlanmaq üçün cəhənnəmə ataraq zülmətdə buxovladı.
5O, allahsız adamların yaşadığı qədim dünyaya daşqın göndərərək o dünyanı cəzasız qoymadı, amma səkkiz nəfəri, o cümlədən, salehliyi bəyan edən Nuhu qoruyub saxladı.
6O, Sodom və Homorra şəhərlərini yandırıb-yaxaraq viran olmağa məhkum etdi və beləliklə, gələcəkdə olan allahsız adamlara nümunə göstərdi.
7Pozğun insanların əxlaqsız həyat tərzindən əziyyət çəkən saleh Lutu isə qurtardı.
8Çünki onların arasında yaşayan bu saleh insan günbəgün onların qanunsuz əməllərini görüb-eşidib öz saleh ruhunda iztirab çəkirdi.
9Əlbəttə ki, Rəbb möminləri sınaqdan necə qurtarmağı, haqsızları isə qiyamət gününə kimi cəza altında necə saxlamağı bilir.
10O, xüsusilə, cismani murdar ehtirasına uyaraq ağalığa xor baxanları belə saxlayır. Belə adamlar həyasız və dikbaşdırlar, ehtişamlı varlıqlara şər atmaqdan qorxmurlar.
11Halbuki onlardan qüvvət və qüdrətdə üstün olan mələklər Rəbbin önündə ehtişamlı varlıqlara şər ataraq ittiham etməz.
12Bu adamlarsa sanki dərrakəsiz, qeyri-iradi surətdə aparılan heyvanlardır ki, tutulub kəsilmək üçün doğulublar. Onlar başa düşmədiyi şeylərə şər atırlar. Heyvanlar necə kəsilirsə, onlar da elə kəsiləcəklər.
13Etdikləri zərərin əvəzini alacaqlar. Gündüz kef çəkməyi əyləncə sayırlar. Sizinlə yeyib-içərkən sanki aranızda ləkələr və nöqsanlar olaraq öz hiylələrindən zövq alırlar.
14Onların gözləri zina ilə doludur, günahdan doymurlar. Qərarsız insanları yoldan çıxarırlar. Ürəkləri tamahkarlığa alışdırılmış lənətli insanlardır.
15Haqsızlıqla əldə etdiyi qazancı sevən Beor oğlu Bilamın yolunu tutaraq düz yolu qoyub azdılar.
16Bilam işlədiyi günaha görə ifşa olundu: dilsiz-ağızsız eşşək insan səsi ilə danışıb bu peyğəmbəri dəlilik etməkdən çəkindirdi.
17Bu insanlar susuz bulaqlar, qasırğanın dağıtdığı buludlar kimidir. Allah qatı qaranlığı onlar üçün saxlayır.
18Çünki boş və lovğa sözlər söyləyərək səhv yolla gedənlərin arasından çətinliklə qaçanları cismani ehtiraslarla və əxlaqsızlıqla yoldan azdırırlar.

19Onlara azadlıq vəd edirlər, halbuki özləri pozğunluğun köləsidirlər. Çünki insan nəyə məğlub olarsa, onun köləsi olar.
20Rəbbimiz və Xilaskarımız İsa Məsihi tanımaqla dünyanın çirkabından qaçdıqdan sonra yenə həmin işlərlə məşğul olub məğlub olarlarsa, son vəziyyətləri əvvəlkindən betər olar.
21Çünki salehlik yolunu tanıyıb özlərinə əmanət edilən müqəddəs əmrdən geri dönməkdənsə bu yolu tanımamaq onlar üçün daha yaxşı olardı.
22Bu doğru məsəllərdə deyilənlər onların öz başına gəldi: «İt öz qusuntusuna qayıdar» və «çimdirilmiş donuz palçıqda ağnamağa qayıdar».