1Ruh aydın şəkildə deyir ki, gələcəkdə bəziləri imandan dönəcək, aldadıcı ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar.
2Bu təlimlər yalançıların ikiüzlülüyü ilə yayılır. Onların vicdanı sanki yanıq yarası kimi hissiyyatını itirmişdir.
3Bu yalançılar evlənməyi qadağan edir və bəzi yeməklərdən çəkindirirlər. Amma Allah bu yeməkləri iman edib həqiqəti dərk edənlərin şükürlə qəbul etməsi üçün yaradıb.
4Çünki Allahın yaratdığı hər şey yaxşıdır, şükürlə qəbul edilən heç bir şey rədd edilməməlidir.
5Çünki hər şey Allahın kəlamı və dua ilə təqdis olur.
6Bunları bacı-qardaşlara öyrətsən, imanın və əməl etdiyin yaxşı təlimatın sözləri ilə qidalanaraq Məsih İsanın yaxşı bir xidmətçisi olarsan.
7Allahsız, axmaq qoca qarı əfsanələrindən uzaq dur. Mömin olmaq üçün özünü yetişdir.
8Bədən məşqinin az faydası olur, möminlik isə hər şey üçün faydalıdır, çünki bunda indi və gələcək üçün həyat vədi var.
9Bu söz etibarlıdır və tamamilə qəbul olunmağa layiq sözdür.
10Ona görə də biz zəhmət çəkir və mübarizə aparırıq. Çünki ümidimizi bütün insanların, xüsusən iman edənlərin Xilaskarı, var olan Allaha bağlamışıq.
11Bunları buyur və öyrət.
12Gənc olduğun üçün qoy heç kim sənə xor baxmasın. Amma sözdə, həyat tərzində, məhəbbətdə, imanda, paklıqda imanlılara nümunə ol.
13Mən gəlincə Müqəddəs Yazıları hamıya oxumaqla, nəsihət verməklə, təlim verməklə məşğul ol.
14Ağsaqqallar əllərini sənin üzərinə qoyanda sənə peyğəmbərlik sözü ilə verilən səndə olan ruhani ənama etinasızlıq etmə.
15Bunların hamısına səy göstərərək özünü həsr et ki, sənin inkişafın hamıya aşkar olsun.
16Özünə və verdiyin təlimə diqqətli ol. Bu işlərlə məşğul olmağa davam et. Çünki bunu etməklə həm özünü, həm də səni dinləyənləri xilas edəcəksən.