Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - 1 Saloniklilərə

1 Saloniklilərə 5

Help us?
Click on verse(s) to share them!
1Qardaşlar, zaman və məqamlar barədə sizə yazmağa ehtiyac yoxdur.
2Çünki özünüz də çox yaxşı bilirsiniz ki, Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək.
3İnsanlar «sülh və təhlükəsizlik» deyəndə hamilə qadının ağrıları necə qəfildən tutursa, onlar da elə qəfil məhvə düçar olacaq və bundan əsla qaça bilməyəcəklər.
4Amma, qardaşlar, siz qaranlıqda deyilsiniz ki, o gün sizi oğru kimi yaxalasın.
5Axı hamınız nur və gündüz övladlarısınız. Biz nə gecənin, nə də qaranlığın övladlarıyıq.
6Ona görə gəlin başqaları kimi yatmayaq, əksinə, oyanıb ayıq-sayıq dayanaq.
7Çünki yatanlar gecə yatır, əyyaşlar da gecə vaxtı əyyaşlıq edir.
8Gündüzə aid olan bizlərsə iman və məhəbbətlə döşümüzə zireh taxaraq xilas ümidini dəbilqə kimi başımıza qoyub ayıq-sayıq olaq.
9Çünki Allah bizi qəzəbə düçar olmaq üçün deyil, Rəbbimiz İsa Məsih vasitəsilə xilasa nail olmaq üçün təyin edib.
10Məsih bizim uğrumuzda öldü ki, oyaq olsaq da, yatmış olsaq da, Onunla birlikdə yaşayaq.
11Buna görə indiki kimi bir-birinizi ürəkləndirin və ruhən inkişaf etdirin.
12Ey qardaşlar, xahiş edirik ki, aranızda zəhmət çəkənlərin, Rəbdə sizə başçılıq edib nəsihət verənlərin qədrini bilin.
13Etdikləri əmələ görə onlara hədsiz məhəbbətlə hörmət göstərin. Bir-birinizlə sülh içində yaşayın.
14Qardaşlar, sizə yalvarırıq, avaralara nəsihət verin, cəsarətsizləri ruhlandırın, zəiflərə yardım edin, hamıya qarşı səbirli olun.
15Diqqətli olun ki, heç kim pisliyə pisliklə cavab verməsin, əksinə, bir-birinizə və bütün insanlara həmişə yaxşılıq etməyə çalışın.
16Daima sevinin,
17durmadan dua edin,
18hər vəziyyətdə şükür edin. Çünki bunlar Məsih İsada olan sizlər üçün Allahın iradəsidir.

19Ruhu söndürməyin.
20Peyğəmbərlik sözlərinə xor baxmayın.
21Hər şeyi sınaqdan keçirin və yaxşı olandan möhkəm tutun.
22Hər cür şərdən uzaq durun.
23Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun.
24Sizi çağıran Allah sadiqdir və bunu edəcək.
25Qardaşlar, bizim üçün dua edin.
26Bütün bacı-qardaşları müqəddəs öpüşlə salamlayın.
27Rəbb naminə sizə and verirəm ki, bu məktubu bütün bacı-qardaşlara oxuyun.
28Rəbbimiz İsa Məsihin lütfü sizə yar olsun!