1Beləliklə, hər cür pisliyi, hiyləni, ikiüzlülüyü, paxıllığı və hər cür böhtançılığı üzərinizdən atın.
2Anadan təzə olmuş çağalar kimi pak ruhani südə susayın ki, bununla bəslənib böyüyərək xilasa nail olasınız.
3Çünki siz daddınız ki, Rəbb nə qədər xeyirxahdır.
4İnsanların rədd etdiyi, amma Allahın qiymətli sayıb-seçdiyi diri Daşa, Rəbbə yaxınlaşaraq
5özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz.
6Çünki Müqəddəs Yazıda yazılıb: «Budur, Sionda bir daş, Seçilmiş, qiymətli bir guşədaşı qoyuram. Ona iman edən kəs əsla utandırılmaz».
7Beləliklə, iman edən sizlər üçün bu daş qiymətlidir, amma iman etməyənlər üçün «bənnaların rədd etdiyi daş guşədaşı olub»,
8«büdrəmə daşı və yıxma qayası» da oldu. Onlar kəlama itaət etmədikləri üçün büdrəyir və onların təyinatı budur.
9Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz.
10Bir zamanlar xalq deyildiniz, amma indi Allahın xalqısınız. Bir zamanlar mərhəmət tapmamışdınız, indi isə mərhəmət almısınız.
11Sevimlilər, sizə yalvarıram, cana qarşı mübarizə aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qərib və gəlməsiniz.
12İmanlı olmayanların arasında yaxşı həyat tərzi sürün ki, sizi pislik edən adamlar kimi təqsirləndirib böhtan atsalar da, yaxşı işlərinizi müşahidə edib Allahın onlara yaxınlaşdığı gündə Onu izzətləndirsinlər.
13İnsanın yaratdığı hər quruma Rəbb naminə tabe olun; həm ali hakimiyyət olduğuna görə padşaha,
14həm də pislik edənləri cəzalandırmaq, yaxşılıq edənləri də tərifləmək üçün onun tərəfindən göndərilən valilərə tabe olun.
15Çünki Allahın iradəsi yaxşılıq edərək axmaqların cahilliyini susdurmanızdır.
16Azad insanlar kimi yaşayın. Amma azadlığınızı pislik etmək üçün bəhanə saymayıb Allahın qulları olaraq yaşayın.
17Hamıya hörmət edin. İmanlı bacı-qardaşları sevin, Allahdan qorxun, padşaha hörmət edin.
18Ey xidmətçilər! Yalnız xeyirxah və mülayimlərə deyil, zalım ağalarınıza da tam ehtiramla tabe olun.
19Əgər biri Allah qarşısındakı vicdan naminə, haqsız yerə əzab çəkib kədərə tab gətirirsə, bu, tərifə layiqdir.
20Axı etdiyiniz günahlara görə döyülsəniz və buna dözsəniz, bu sizə nə şərəf gətirər? Amma siz yaxşılıq etdiyiniz üçün əzab çəkib dözsəniz, bu Allah qarşısında tərifə layiqdir.
21Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz.
22O heç bir günah etmədi, Ağzından hiylə sözü çıxmadı.
23Onu söydülər, O isə cavabında söymürdü, Əzab çəkərək heç kimi hədələmirdi, Əksinə, ədalətli Hakimə Özünü təslim etdi.
24O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız.
25Hamınız qoyun kimi yolunuzu azmışdınız, indi isə canınızın Çobanına və Nəzarətçisinə tərəf döndünüz.