Text copied!
Bibles in South Azerbaijani

Zəbur 89:6-33 in South Azerbaijani

Help us?

Zəbur 89:6-33 in Azərbaycan dilində Müqəddəs Kitab

6 Göydə Rəbbin tayı-bərabəri varmı? İlahi varlıqlar arasında Rəbbin bənzəri varmı?
7 Müqəddəslər məclisində Allah çox zəhmlidir, Ətrafında olanların hamısından O heybətlidir.
8 Ya Rəbb, Ordular Allahı, Sənin tək qüdrətli varmı? Səni sədaqətin bürüyüb.
9 Sən qabaran dənizə hökm edirsən, Aşıb-daşan dalğaları yatırırsan.
10 Sən Rahavı əzib leşini çıxartdın, Qüvvətli qolunla düşmənləri dağıtdın.
11 Göylər Sənin, yer üzü Sənin, Qurduğun yer üzündə hər şeyin təməlini qoymusan.
12 Sən şimalı, cənubu yaratmısan, Tavor və Xermon adına mədh oxuyur.
13 Qolun nə qədər qüvvətlidir, Sağ əlin ucadır, əllərin qüdrətlidir!
14 Salehlik və ədalət taxtının təməlidir, Məhəbbət və sədaqət önündə gedir!
15 Bayram şənliyində olan xalq nə bəxtiyardır! Ya Rəbb, onlar Sənin üzünün nurunda gəzər.
16 İsminə görə daim sevinirlər, Salehliyinə görə şərəfə çatırlar.
17 Onların ehtişamı, qüvvəti Sənsən. Sənin lütfündən gücümüz artır.
18 Çünki sipərimiz Rəbdəndir, Padşahımız İsrailin Müqəddəsidir.
19 Keçmişdə bir görüntü ilə Möminlərinə belə söylədin: «Bir cəngavərə kömək etdim, Xalqın içindən onu seçib yüksəltdim.
20 Qulum Davudu tapdım, Müqəddəs yağımla onu məsh etdim.
21 Əlim daim onu möhkəmləndirəcək, Qolum ona qüvvət verəcək!
22 Düşmən ona qalib gələ bilməz, Fitnəkarlar ona zülm edə bilməz.
23 Qarşısındakı düşmənləri qıracağam, Ona nifrət edənləri vuracağam.
24 Yanında sədaqətim, məhəbbətim olacaq, Gücü ismimlə artacaq.
25 Dənizlərə əlini, Çaylara sağ əlini çatdıracağam.
26 Məni çağırıb deyəcək: “Atamsan, Allahımsan, Məni xilas edən Qaya Sənsən!”
27 Mən də ilk oğul haqqını ona verəcəyəm, Onu yer üzünün ən uca padşahı edəcəyəm.
28 Ona daim məhəbbətimi göstərəcəyəm, Sadiq qalıb əhdimi pozmayacağam.
29 Onun nəslini əbədi yaşadacağam, Göylər durduqca taxtını saxlayacağam.
30 Övladları qanunumu atsalar, Hökmlərimə görə yaşamasalar,
31 Qaydalarımı pozsalar, Əmrlərimə əməl etməsələr,
32 Bu qanunsuzluqlarını kötəklə cəzalandıracağam, Təqsirlərini qamçı ilə tənbeh edəcəyəm.
33 Amma yenə də məhəbbətimi atmaram, Sədaqətimi yalan olmağa qoymaram.
Zəbur 89 in Azərbaycan dilində Müqəddəs Kitab