Text copied!
Bibles in South Azerbaijani

Zəbur 78:38-69 in South Azerbaijani

Help us?

Zəbur 78:38-69 in Azərbaycan dilində Müqəddəs Kitab

38 Allah isə rəhmlidir, günahı bağışlayır, Günahkarı yox etmir. Dəfələrlə qəzəbini saxlayır, Hiddətini tamamilə oyanmağa qoymayır.
39 Yada saldı ki, onlar yalnız bəşərdir, Onlar əsən, geri dönməyən küləyə bənzəyir.
40 Neçə dəfə səhrada Ona qarşı üsyankar oldular, Neçə dəfə çöllükdə Onu kədərləndirdilər!
41 Allahı dönə-dönə sınadılar, İsrailin Müqəddəsinin xətrinə dəydilər.
42 Xatırlamadılar Onun qüdrətini, Düşməndən azad etdiyi günü,
43 Misirdə göstərdiyi əlamətləri, Soan bölgəsində göstərdiyi möcüzələri.
44 Misirlilər sulardan içə bilməsinlər deyə Suları qana döndərib çaylardan axıtmışdı.
45 Onları göndərdiyi mozalanlara yem etmişdi, Göndərdiyi qurbağalar ölkələrini xarabaya çevirmişdi.
46 Əkinlərini tırtıllara, Zəhmətlərinin bəhərini çəyirtkələrə vermişdi.
47 Üzümlərini dolu ilə, Firon ənciri ağaclarını şaxta ilə məhv etmişdi.
48 Naxırlarını dolu ilə, Sürülərini şimşəklə qırmışdı.
49 Onların üzərinə qızğın qəzəbini, Hirsini, hiddətini, dərdləri, Bir qoşun ölüm mələklərini tökmüşdü.
50 Qızğın qəzəbinə yol açmışdı, Əsirgəmədən canlarına ölüm vermişdi, Həyatlarına bəla gətirmişdi.
51 Hər Misirlinin ilk oğlunu, Ham nəslindən hər kişinin belindən gələn ilk oğlunu qırmışdı.
52 Öz xalqını isə qoyun kimi oradan çıxarmışdı, Çöldən onları sürü kimi aparmışdı.
53 Onları qorxudan uzaq, asayiş içində aparmışdı, Düşmənləri isə dənizdə qərq olmuşdu.
54 Onları Öz müqəddəs torpağına, Sağ əli ilə aldığı dağlar diyarına gətirdi.
55 Onların qarşısından başqa millətləri qovdu, Torpaqlarını da İsrail qəbilələrinə mülk olaraq payladı, Yaşamaq üçün yurd-yuvalarını onlara verdi.
56 Lakin onlar Allah-Taalanı sınadılar, Ona qarşı üsyankar oldular, Göstərişlərinə əməl etmədilər.
57 Ataları kimi dönüklük və xəyanət etdilər, Xarab kamandan atılan ox kimi əyri getdilər.
58 Onu səcdəgahları ilə qəzəbləndirdilər, Onu yonma bütləri ilə qısqandırdılar.
59 Bunları eşidən Allah çox hiddətləndi, İsraili tamamilə rədd etdi.
60 İnsanlar arasında qaldığı çadırını, Şilodakı məskənini tərk etdi.
61 Qüdrətini əsarətə, Şərəfini düşmən əlinə təslim etdi.
62 Öz xalqını qılıncdan keçirtdi, Öz irsini qəzəbinə düçar etdi.
63 İgidləri alov uddu, Nişanlı qızlara toy çalınmadı.
64 Kahinləri qılınclarla qırıldı, Arvadları dul qaldı, gözlərinin yaşı qurudu.
65 O zaman Xudavənd yuxulu insan kimi oyandı, Sanki şərabın təsirindən ayılan bir pəhləvandır.
66 Düşmənlərini vuraraq geri atdı, Əbədi olaraq onları rüsvay etdi.
67 Yusifin nəslini rədd etdi, Efrayim qəbiləsini seçmədi.
68 Yəhuda qəbiləsini, Sevdiyi Sion dağını seçdi.
69 Öz Müqəddəs məkanını səma kimi, Əbədi qurduğu dünya kimi tikdi.
Zəbur 78 in Azərbaycan dilində Müqəddəs Kitab