Text copied!
Bibles in South Azerbaijani

Zəbur 78:33-56 in South Azerbaijani

Help us?

Zəbur 78:33-56 in Azərbaycan dilində Müqəddəs Kitab

33 Buna görə də günlərini puç etdi, Dəhşətlə ömürlərini sona yetirdi.
34 Ölənləri görüb Allahı axtardılar, Geri dönüb Allahı səylə aradılar.
35 Yadlarına düşdü ki, Allah onların Qayası idi, Allah-Taala onların Satınalanı idi.
36 Lakin ağızları ilə Ona yaltaqlanırdılar, Dilləri ilə Ona yalan danışırdılar.
37 Qəlblərində Ona qarşı dönük olmuşdular, Əhdinə vəfasız çıxmışdılar.
38 Allah isə rəhmlidir, günahı bağışlayır, Günahkarı yox etmir. Dəfələrlə qəzəbini saxlayır, Hiddətini tamamilə oyanmağa qoymayır.
39 Yada saldı ki, onlar yalnız bəşərdir, Onlar əsən, geri dönməyən küləyə bənzəyir.
40 Neçə dəfə səhrada Ona qarşı üsyankar oldular, Neçə dəfə çöllükdə Onu kədərləndirdilər!
41 Allahı dönə-dönə sınadılar, İsrailin Müqəddəsinin xətrinə dəydilər.
42 Xatırlamadılar Onun qüdrətini, Düşməndən azad etdiyi günü,
43 Misirdə göstərdiyi əlamətləri, Soan bölgəsində göstərdiyi möcüzələri.
44 Misirlilər sulardan içə bilməsinlər deyə Suları qana döndərib çaylardan axıtmışdı.
45 Onları göndərdiyi mozalanlara yem etmişdi, Göndərdiyi qurbağalar ölkələrini xarabaya çevirmişdi.
46 Əkinlərini tırtıllara, Zəhmətlərinin bəhərini çəyirtkələrə vermişdi.
47 Üzümlərini dolu ilə, Firon ənciri ağaclarını şaxta ilə məhv etmişdi.
48 Naxırlarını dolu ilə, Sürülərini şimşəklə qırmışdı.
49 Onların üzərinə qızğın qəzəbini, Hirsini, hiddətini, dərdləri, Bir qoşun ölüm mələklərini tökmüşdü.
50 Qızğın qəzəbinə yol açmışdı, Əsirgəmədən canlarına ölüm vermişdi, Həyatlarına bəla gətirmişdi.
51 Hər Misirlinin ilk oğlunu, Ham nəslindən hər kişinin belindən gələn ilk oğlunu qırmışdı.
52 Öz xalqını isə qoyun kimi oradan çıxarmışdı, Çöldən onları sürü kimi aparmışdı.
53 Onları qorxudan uzaq, asayiş içində aparmışdı, Düşmənləri isə dənizdə qərq olmuşdu.
54 Onları Öz müqəddəs torpağına, Sağ əli ilə aldığı dağlar diyarına gətirdi.
55 Onların qarşısından başqa millətləri qovdu, Torpaqlarını da İsrail qəbilələrinə mülk olaraq payladı, Yaşamaq üçün yurd-yuvalarını onlara verdi.
56 Lakin onlar Allah-Taalanı sınadılar, Ona qarşı üsyankar oldular, Göstərişlərinə əməl etmədilər.
Zəbur 78 in Azərbaycan dilində Müqəddəs Kitab