Text copied!
Bibles in South Azerbaijani

Zəbur 78:2-16 in South Azerbaijani

Help us?

Zəbur 78:2-16 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Ağzımı bu məsəllə açıb Keçmişdəki müəmmaları bəyan edəcəyəm.
3 Bunları eşitmişik, bilirik, Bizə atalarımız nəql edib.
4 Bunu onların nəvələrindən gizlətməyəcəyik; Rəbbin həmdə layiq işlərini, Onun qüdrətini, etdiyi xariqələri Gələcək nəsillərə söyləyəcəyik.
5 Rəbb öyüd vermək üçün Yaqub nəslinə – İsrailə bir təlim qoydu. Ata-babalarımıza əmr etdi ki, Bu təlimi övladlarına öyrətsin.
6 Qoy gələcək nəsil də bilsin, Gələcəkdə doğulacaq övladlar da Balalarına bu təlimi verə bilsin.
7 Qoy ümidlərini Allaha bağlasınlar, Allahın işlərini unutmasınlar, Əmrlərini yerinə yetirsinlər.
8 Qoy ata-babaları kimi olmasınlar, Çünki onlar dikbaş, üsyankar bir nəsil idi. Allaha ürəkləri dönük, Könülləri vəfasız idi.
9 Efrayim övladları ox-kamanla silahlandılar, Amma döyüş günü tez geriyə qayıtdılar.
10 Allahın əhdini pozanlar belə etdilər, Sənin qanunlarınla yaşamaq istəmədilər.
11 Allahın işlərini, Göstərdiyi xariqələrini unutdular.
12 Allah Misir torpağında, Soan bölgəsində, Ata-babalarının gözləri önündə xariqələr göstərmişdi.
13 Dənizi yarıb onları keçirmişdi, Suları divar kimi saxlamışdı.
14 Onlara gündüz buludla, Bütün gecə şəfəq saçan alovla yol göstərmişdi.
15 Çöldə qayaları yarmışdı, İçsinlər deyə ümman kimi bol su çıxarmışdı.
16 Qayadan suları sel kimi çıxarmışdı, Bu suları çaylar kimi axıtmışdı.
Zəbur 78 in Azərbaycan dilində Müqəddəs Kitab