11 Deyirlər ki, Allah onu tərk edib, Gəlin onu təqib edərək tutaq, Çünki onu xilas edən yoxdur.
12 Ey Allah, məndən uzaq durma, Ey Allahım, dadıma tez çat!
13 Qoy məni ittiham edənlər utanıb məhv olsun, Bədxahlarımı xəcalət, rüsvayçılıq bürüsün.
14 Mənsə hər zaman Sənə ümid bağlayacağam, Sənə həmd oxuduqca oxuyacağam.
15 Gün boyu salehliyini, qurtuluşunu dilim bəyan edir, Onun ölçüsünü bilməsəm də.
16 Ey Xudavənd Rəbb, qüdrətinlə dolanıb-gəzəcəyəm, Sənin, yalnız Sənin salehliyini bəyan edəcəyəm.
17 Ey Allah, gəncliyimdən bəri mənə təlim vermisən, Sənin xariqələrini indiyədək elan edirəm.
18 Yaşa dolub saçıma dən düşənə qədər Gələcək nəslə qüvvətini, Gələcək nəslin hər birinə qüdrətini Elan edəcəyəm. Ey Allah, məni tərk etmə.
19 Ey Allah, salehliyin göylər qədər ucadır, Böyük işlər görmüsən! Ey Allah, Sənin kimisi varmı?
20 Sən mənə çoxlu ağır əzablar versən də, Yenə məni dirçəldirsən, Yerin dibindən yenə məni çıxarırsan,
21 Hörmətimi artırmaqla Mənə yenə əmniyyət verirsən.