Text copied!
Bibles in South Azerbaijani

Zəbur 37:1-36 in South Azerbaijani

Help us?

Zəbur 37:1-36 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Davudun məzmuru. Pislik edənlərə görə narahat olma, Fitnəkarlıq edənlərə qibtə etmə.
2 Tezliklə onlar ot kimi quruyacaq, Yaşıl çəmən kimi tez solacaq.
3 Rəbbə güvən, yaxşılıq et, Bu diyarda arxayın ömür sür.
4 Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq.
5 Yolunu Rəbbə ver, Ona güvən, O edəcək.
6 Rəbb sənin salehliyini nur kimi aydınlaşdıracaq, Həqiqətini gündüz günəşi tək çıxaracaq.
7 Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan Hiyləgər insan üçün narahat olma.
8 Qəzəbi at, hiddətdən çəkin, Narahat olma, bunlar insanı şərə salar.
9 Çünki şər adamlar kəsilib atılacaq, Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq.
10 Bir az gözlə, pis yox olacaq, Yerini axtarsan belə, tapılmayacaq.
11 Həlimlər yer üzünü mülk olaraq alacaq, Əmin-amanlığın bolluğundan zövq tapacaq.
12 Şər adam salehin qəsdinə durur, Ona qarşı dişlərini qıcayır.
13 Amma Xudavənd şər adama gülür, Onun dövranının az olmasını bilir.
14 Məzlumu, fəqiri yerə vurmaq üçün, Düz yolda olanı boğazlamaq üçün Pislər qılınc çəkər, ox-kamanını qurar.
15 Lakin onların qılıncları öz ürəklərinə saplanacaq, Ox-kamanları parça-parça olacaq.
16 Salehin az malı Pislərin bütün sərvətlərindən yaxşıdır.
17 Çünki pislərin qol-qanadı qırılacaq, Rəbb isə salehlərin dayağıdır.
18 Rəbbə kamillərin gündəlik qayğıları məlumdur, Onların irsi əbədi qalacaq.
19 Dar gündə utanmayacaqlar, Qıtlıqda tox yaşayacaqlar.
20 Lakin pislər həlak olacaq, Rəbbin düşmənləri çəmənin təravəti kimi solacaq, Tüstü kimi çəkilərək yox olacaq.
21 Pis adam borc alır, qaytarmır, Salehlər səxavətlə paylayır.
22 Rəbdən bərəkət alan ölkəni mülk olaraq alacaq, Lənət etdiyi kəslər kəsilib atılacaq.
23 Rəbb insana gedəcəyi yolu göstərir, Kimdən razı qalırsa, onu möhkəmləndirir.
24 Bu insan büdrəsə də, yıxılmaz, Çünki Rəbb onun əlindən tutar.
25 Gəncliyimdən qocalığımadək Salehin tərk edildiyini, Nəslinin çörək üçün diləndiyini görməmişəm.
26 O hər zaman səxavətlə borc verər, Övladlarına xeyir-dua gələr.
27 Şərdən çəkinib yaxşılıq et ki, Ölkədə əbədi məskən sala biləsən.
28 Çünki Rəbb ədaləti sevir, Heç zaman möminlərini tərk etmir. Salehlər daim müdafiə olunacaq, Pislər nəsilliklə kəsilib atılacaq.
29 Salehlər ölkəni mülk olaraq alacaq, Onlar orada əbədi məskən salacaq.
30 Salehin ağzından hikmət çıxar, Dili haqq söz danışar.
31 Çünki Allahın qanunu ürəyindədir, Ayaqları büdrəmir.
32 Pis adam salehi güdür, Onu öldürmək üçün fürsət axtarır.
33 Rəbb salehi pisin əlinə düşməyə qoymaz, Ona ittiham oxunanda məhkum olmaz.
34 Rəbbi gözlə, Onun yolunu tut, O sənə ölkəni mülk olaraq verəcək, səni yüksəldəcək. Pislərin kəsilib atılacağı zamanı görəcəksən.
35 Münbit torpaqda yaşıl ağac tək bitən, Kök salan zalım, pis adamı görmüşdüm.
36 O keçib-getdi, yeri boş qaldı, Onu axtararkən tapa bilmədim.
Zəbur 37 in Azərbaycan dilində Müqəddəs Kitab