Text copied!
Bibles in South Azerbaijani

Zəbur 119:97-145 in South Azerbaijani

Help us?

Zəbur 119:97-145 in Azərbaycan dilində Müqəddəs Kitab

97 Qanununu nə qədər sevirəm! Həmişə onun üzərində dərindən düşünürəm.
98 Əmrlərin məni düşmənlərimdən daha müdrik edir, Çünki onlar həmişə mənimlədir.
99 Bütün müəllimlərimdən daha aqil olmuşam, Çünki göstərişlərin üzərində dərindən düşünürəm.
100 Ağsaqqallardan da artıq dərrakəliyəm, Çünki qayda-qanunlarına əməl edirəm.
101 Ayağımı hər pis yoldan kənar qoydum ki, Sözlərinə bağlı qalım.
102 Hökmlərindən dönməmişəm, Çünki məni Sən belə öyrətmisən.
103 Vədlərin damağıma necə də ləzzət verir! Onlar dilimdə baldan şirindir.
104 Qayda-qanunlarına görə dərrakəliyəm, Buna görə hər yanlış yola nifrət edirəm.
105 Sözün addımıma çıraqdır, Yollarıma işıqdır.
106 Ədalətli hökmlərinə bağlı qalmaq üçün and içmişəm, Yerinə yetirəcəyəm.
107 Ya Rəbb, nə qədər əzab çəkmişəm! Öz sözünə görə həyatımı qoru.
108 Ya Rəbb, sidq ürəkdən etdiyim həmdi qəbul et, Mənə Öz hökmlərini öyrət.
109 Həyatım daim təhlükəyə düşdü, Amma qanununu unutmadım.
110 Pislər mənə tələ quranda belə, Mən Sənin qayda-qanunlarını pozmadım.
111 Əbədilik Sənin göstərişlərinə malikəm, Çünki onlar qəlbimə sevinc verir.
112 Qəlbimi əbədilik, sonsuzadək Qaydalarına əməl etməyə meyl etdirmişəm.
113 İkiüzlü insanlara nifrət edirəm, Qanununu isə sevirəm.
114 Sən pənahgahım, sipərimsən, Sözünə ümid bağlamışam.
115 Siz ey pislər, məndən uzaq olun! Qoy Allahımın əmrlərinə əməl edim.
116 Kəlamınla mənə dayaq ol ki, yaşayım, Ümidim boşa çıxmasın, utanmayım.
117 Özün mənə dayaq ol, qoy mən nicat tapım, Sənin qaydalarını həmişə nəzərimdə tutum.
118 Qaydalarını atanları Özündən kənar edirsən, Çünki onların bütün fəndləri boşdur.
119 Yer üzünün bütün pislərini tullantı hesab edirsən, Buna görə göstərişlərini sevirəm.
120 Zəhmindən bədənim lərzəyə gəlir, Hökmlərindən çox qorxuram.
121 Ədalətli, düz işlər görmüşəm, Məni zülmkarlara təslim etmə.
122 Qulunun xeyri üçün zamin dur, Qoyma lovğa insanlar mənə zülm etsin.
123 Xilasını, haqq sözünə əməl olunmasını gözləməkdən Gözümün nuru sönür.
124 Quluna məhəbbət göstər, Qaydalarını mənə öyrət.
125 Qulunam, mənə ağıl ver ki, Sənin göstərişlərini dərk edim.
126 Ya Rəbb, insanlar qanununu pozdular, Vaxtı çatıb, onlar üçün bir tədbir gör.
127 Qızıldan, saf qızıldan çox Sənin əmrlərini sevirəm.
128 Bəli, bütün qayda-qanunlarına görə Mən düz yolla gedirəm, Bütün səhv yollarasa nifrət edirəm.
129 Göstərişlərinin heyrətamizliyinə görə Onlara ürəkdən əməl edirəm.
130 Kəlamının açıqlanması nur saçır, Hər nadanı ağıllandırır.
131 Ağız açıb ah-zar edirəm, Çünki əmrlərinin həsrətini çəkirəm.
132 Adını sevənlər üçün etdiyin adətə görə Mənə bax və lütf göstər.
133 Kəlamınla addımlarımı möhkəmləndir, Qoy heç bir təqsirim mənə hakimlik etməsin.
134 Məni insanların zülmündən qurtar, Qoy Sənin qayda-qanunlarına bağlı qalım.
135 Üzün qulunun üstünə nur saçsın, Sən mənə qaydalarını öyrət.
136 Gözlərimdən sellər kimi yaş axır, Çünki insanlar qanununa bağlı qalmırlar.
137 Ya Rəbb, adilsən, Hökmlərin doğrudur.
138 Buyurduğun göstərişlər ədalətlidir, Onlar tamamilə etibarlıdır.
139 Qeyrətim məni yandırıb-yaxıb, Çünki düşmənlərim Sənin sözlərini unudub.
140 Sənin kəlamın çox safdır, Bu qulun onu sevir.
141 Kiçik sayılsam da, mənə xor baxsalar da, Qayda-qanunlarını unutmamışam.
142 Salehliyin əbədi salehlikdir, Sənin qanunun həqiqətdir.
143 Başıma sıxıntı və məşəqqət gəldi, Amma Sənin əmrlərin mənə zövq verdi.
144 Sənin göstərişlərin həmişə ədalətlidir, Mənə ağıl ver ki, yaşayım.
145 Ya Rəbb, cavab ver! Bütün qəlbimlə Səni səsləyirəm, Sənin qaydalarına əməl edəcəyəm.
Zəbur 119 in Azərbaycan dilində Müqəddəs Kitab