Text copied!
Bibles in South Azerbaijani

Zəbur 119:86-104 in South Azerbaijani

Help us?

Zəbur 119:86-104 in Azərbaycan dilində Müqəddəs Kitab

86 Sənin bütün əmrlərin etibarlıdır. Kömək et! Məni yalançı insanlar təqib edir.
87 Az qaldı ki, yer üzündən məni yox etsinlər, Lakin qayda-qanunlarından çıxmamışam.
88 Məhəbbətinə görə mənə həyat ver, Ağzından çıxan göstərişlərə bağlı qalım.
89 Ya Rəbb, sözün əbədidir, Göylərdədir, dəyişməzdir.
90 Sədaqətin nəsildən-nəslə çatır, Yer üzünü Sən qurmusan, möhkəm qalır.
91 Hökmlərinə görə bu günədək hər şey qalır, Onlar Sənin xidmətində dayanırlar.
92 Sənin qanunundan zövq almasaydım, Əzab çəkməkdən həlak olardım.
93 Qayda-qanunlarını heç vaxt unutmaram, Çünki onlarla məni həyata qaytarmısan.
94 Qurtar məni, mən Səninəm, Qayda-qanunlarını axtarmışam.
95 Pislər məni öldürmək üçün pusqu qurarkən Mən Sənin göstərişlərinin üzərində düşünürəm.
96 Görmüşəm ki, hər kamil şeyin qarşısına bir hədd qoyulur, Sənin əmrlərin isə sərhəd tanımır.
97 Qanununu nə qədər sevirəm! Həmişə onun üzərində dərindən düşünürəm.
98 Əmrlərin məni düşmənlərimdən daha müdrik edir, Çünki onlar həmişə mənimlədir.
99 Bütün müəllimlərimdən daha aqil olmuşam, Çünki göstərişlərin üzərində dərindən düşünürəm.
100 Ağsaqqallardan da artıq dərrakəliyəm, Çünki qayda-qanunlarına əməl edirəm.
101 Ayağımı hər pis yoldan kənar qoydum ki, Sözlərinə bağlı qalım.
102 Hökmlərindən dönməmişəm, Çünki məni Sən belə öyrətmisən.
103 Vədlərin damağıma necə də ləzzət verir! Onlar dilimdə baldan şirindir.
104 Qayda-qanunlarına görə dərrakəliyəm, Buna görə hər yanlış yola nifrət edirəm.
Zəbur 119 in Azərbaycan dilində Müqəddəs Kitab