Text copied!
Bibles in South Azerbaijani

Zəbur 119:50-118 in South Azerbaijani

Help us?

Zəbur 119:50-118 in Azərbaycan dilində Müqəddəs Kitab

50 Əzab çəkəndə bundan təsəlli tapıram ki, Kəlamın məni həyata qaytaracaq.
51 Lovğalar mənə çox istehza etdilər, Amma Sənin qanunundan dönmədim.
52 Əzəldən var olan hökmlərini xatırladıqca, Ya Rəbb, bunlardan təsəlli tapıram.
53 Qanununu atan pisləri görərkən Qəzəb məni bürüyür.
54 Sənin qaydalarını bu qürbət eldə İlahi tək oxuyuram.
55 Hər gecə adını yadıma salıram, Ya Rəbb, qanununa bağlı qalıram.
56 Bu mənə bir adət oldu, Sənin qayda-qanunlarını yerinə yetirdim.
57 Ya Rəbb, mənim nəsibimsən, Sözlərinə bağlı qalmaq üçün vəd etmişəm.
58 Bütün qəlbimlə Sənə yalvarıram, Sən Öz kəlamına görə mənə lütf göstər.
59 Tutduğum yollara nəzər salmışam, Hər addımımı göstərişlərinə tərəf yönəltmişəm.
60 Əmrlərinə bağlanmaq üçün tələsirəm, Bunun üçün ləngimirəm.
61 Pis adamlar mənə kəmənd atarkən Qanununu unutmadım.
62 Adil hökmlərinə görə Sənə şükür etmək üçün Gecə yarısı qalxıram.
63 Səndən qorxanların hamısı ilə, Qayda-qanunlarına bağlı qalanlarla dostam.
64 Ya Rəbb, yer üzü məhəbbətinə bürünüb, Mənə qaydalarını öyrət.
65 Ya Rəbb, verdiyin sözə görə Quluna xeyirxahlıq etmisən.
66 Mənə ağıl, bilik öyrət, Çünki əmrlərinə inanıram.
67 Əzaba düşməzdən əvvəl yoldan azırdım, Amma indi mən kəlamına bağlıyam.
68 Nə qədər yaxşısan, xeyirxahlıq edirsən! Mənə qaydalarını öyrət.
69 Lovğalar yalanları ilə mənə qara yaxırlar, Amma mən bütün qəlbimlə qayda-qanunlarını yerinə yetirirəm.
70 Onların ürəkləri piylənərək daş bağlayıb, Mənsə qanunundan zövq alıram.
71 Çəkdiyim əzabın xeyri mənə bu olub: Sənin qaydalarını öyrənirəm.
72 Ağzından çıxan qanun mənim üçün Minlərlə qızıldan, gümüşdən daha qiymətlidir.
73 Əllərinlə yaranmışam, mənə surət vermisən, Mənə qabiliyyət ver, qoy əmrlərini öyrənim.
74 Səndən qorxanlar məni görərkən sevinsinlər, Çünki Sənin sözünə ümid bağlamışam.
75 Ya Rəbb, bilirəm ki, hökmlərin ədalətlidir, Mənə əzab çəkdirsən də, sədaqətin yox olmur.
76 Quluna verdiyin kəlama görə Məhəbbətin mənə təsəlli versin.
77 Mənə mərhəmət et ki, yaşayım, Çünki qanunundan zövq alıram.
78 Mənim barəmdə yalan danışan lovğaları utandır, Çünki mən qayda-qanunlarını dərindən düşünürəm.
79 Səndən qorxanlar yanıma gəlsin, Onlar Sənin göstərişlərini bilənlərdir.
80 Qaydalarına görə mənim qəlbim kamil olsun, Qoy heç zaman xəcalət çəkməyim!
81 Qurtuluş həsrətini çəkməkdən qəlbimdə tab qalmayıb, Sözünə ümid bağlamışam.
82 Sözünün intizarından gözümün nuru sönür. Deyirəm: «Nə vaxt mənə təsəlli verəcəksən?»
83 Tüstü içindəki tuluq kimi oldum, Amma qaydalarını unutmuram.
84 Qulun daha nə qədər gözləsin? Məni təqib edənləri nə vaxt mühakimə edəcəksən?
85 Qanununu pozan lovğa insanlar Mənim üçün quyu qazıblar.
86 Sənin bütün əmrlərin etibarlıdır. Kömək et! Məni yalançı insanlar təqib edir.
87 Az qaldı ki, yer üzündən məni yox etsinlər, Lakin qayda-qanunlarından çıxmamışam.
88 Məhəbbətinə görə mənə həyat ver, Ağzından çıxan göstərişlərə bağlı qalım.
89 Ya Rəbb, sözün əbədidir, Göylərdədir, dəyişməzdir.
90 Sədaqətin nəsildən-nəslə çatır, Yer üzünü Sən qurmusan, möhkəm qalır.
91 Hökmlərinə görə bu günədək hər şey qalır, Onlar Sənin xidmətində dayanırlar.
92 Sənin qanunundan zövq almasaydım, Əzab çəkməkdən həlak olardım.
93 Qayda-qanunlarını heç vaxt unutmaram, Çünki onlarla məni həyata qaytarmısan.
94 Qurtar məni, mən Səninəm, Qayda-qanunlarını axtarmışam.
95 Pislər məni öldürmək üçün pusqu qurarkən Mən Sənin göstərişlərinin üzərində düşünürəm.
96 Görmüşəm ki, hər kamil şeyin qarşısına bir hədd qoyulur, Sənin əmrlərin isə sərhəd tanımır.
97 Qanununu nə qədər sevirəm! Həmişə onun üzərində dərindən düşünürəm.
98 Əmrlərin məni düşmənlərimdən daha müdrik edir, Çünki onlar həmişə mənimlədir.
99 Bütün müəllimlərimdən daha aqil olmuşam, Çünki göstərişlərin üzərində dərindən düşünürəm.
100 Ağsaqqallardan da artıq dərrakəliyəm, Çünki qayda-qanunlarına əməl edirəm.
101 Ayağımı hər pis yoldan kənar qoydum ki, Sözlərinə bağlı qalım.
102 Hökmlərindən dönməmişəm, Çünki məni Sən belə öyrətmisən.
103 Vədlərin damağıma necə də ləzzət verir! Onlar dilimdə baldan şirindir.
104 Qayda-qanunlarına görə dərrakəliyəm, Buna görə hər yanlış yola nifrət edirəm.
105 Sözün addımıma çıraqdır, Yollarıma işıqdır.
106 Ədalətli hökmlərinə bağlı qalmaq üçün and içmişəm, Yerinə yetirəcəyəm.
107 Ya Rəbb, nə qədər əzab çəkmişəm! Öz sözünə görə həyatımı qoru.
108 Ya Rəbb, sidq ürəkdən etdiyim həmdi qəbul et, Mənə Öz hökmlərini öyrət.
109 Həyatım daim təhlükəyə düşdü, Amma qanununu unutmadım.
110 Pislər mənə tələ quranda belə, Mən Sənin qayda-qanunlarını pozmadım.
111 Əbədilik Sənin göstərişlərinə malikəm, Çünki onlar qəlbimə sevinc verir.
112 Qəlbimi əbədilik, sonsuzadək Qaydalarına əməl etməyə meyl etdirmişəm.
113 İkiüzlü insanlara nifrət edirəm, Qanununu isə sevirəm.
114 Sən pənahgahım, sipərimsən, Sözünə ümid bağlamışam.
115 Siz ey pislər, məndən uzaq olun! Qoy Allahımın əmrlərinə əməl edim.
116 Kəlamınla mənə dayaq ol ki, yaşayım, Ümidim boşa çıxmasın, utanmayım.
117 Özün mənə dayaq ol, qoy mən nicat tapım, Sənin qaydalarını həmişə nəzərimdə tutum.
118 Qaydalarını atanları Özündən kənar edirsən, Çünki onların bütün fəndləri boşdur.
Zəbur 119 in Azərbaycan dilində Müqəddəs Kitab