Text copied!
Bibles in South Azerbaijani

Zəbur 119:32-61 in South Azerbaijani

Help us?

Zəbur 119:32-61 in Azərbaycan dilində Müqəddəs Kitab

32 Qəlbimin düşüncəsini genişləndirərkən Əmrlərinin yolu ilə getməyə səy göstərəcəyəm.
33 Ya Rəbb, Sən mənə qaydalarının yolunu öyrət, Onlara axıradək əməl edəcəyəm.
34 Mənə ağıl ver, qanununa görə yaşayım, Bütün qəlbimlə ona bağlanım.
35 Mənə əmrlərinin yollarını göstər, Bu yollardan zövq alaram.
36 Qəlbimi haram qazanca deyil, Göstərişlərinə tərəf yönəlt.
37 Qoyma gözlərim fani şeylərə baxsın, Öz yolunda mənə həyat bəxş et.
38 Səndən qorxanlara verdiyin vədini Qulun üçün həyata keçirt.
39 Qorxduğum tənələri məndən sovuşdur, Sənin hökmlərin nə yaxşıdır!
40 Qayda-qanunlarının həsrətini çəkirəm, Salehliyinlə məni yaşat.
41 Ya Rəbb, mənə məhəbbətini göstər, Kəlamına görə məni qurtar!
42 Məni təhqir edənlərə layiqincə cavab verəcəyəm, Çünki Sənin sözlərinə güvənirəm.
43 Qoy həqiqət kəlamı dilimdən düşməsin, Çünki Sənin hökmlərinə ümid bağlamışam.
44 Daim, əbədi olaraq Qanununa bağlı qalacağam.
45 Azad gəzib-dolaşacağam, Çünki qayda-qanunlarını axtarmışam.
46 Padşahların hüzurunda göstərişlərindən danışacağam, Bundan utanmayacağam.
47 Sənin əmrlərindən zövq alıram, Onları sevirəm.
48 Sevdiyim əmrlərinə tərəf əl açacağam, Sənin qaydalarını dərindən düşünəcəyəm.
49 Sən quluna verdiyin sözü xatırla, Bu sözünlə mənə ümid vermisən.
50 Əzab çəkəndə bundan təsəlli tapıram ki, Kəlamın məni həyata qaytaracaq.
51 Lovğalar mənə çox istehza etdilər, Amma Sənin qanunundan dönmədim.
52 Əzəldən var olan hökmlərini xatırladıqca, Ya Rəbb, bunlardan təsəlli tapıram.
53 Qanununu atan pisləri görərkən Qəzəb məni bürüyür.
54 Sənin qaydalarını bu qürbət eldə İlahi tək oxuyuram.
55 Hər gecə adını yadıma salıram, Ya Rəbb, qanununa bağlı qalıram.
56 Bu mənə bir adət oldu, Sənin qayda-qanunlarını yerinə yetirdim.
57 Ya Rəbb, mənim nəsibimsən, Sözlərinə bağlı qalmaq üçün vəd etmişəm.
58 Bütün qəlbimlə Sənə yalvarıram, Sən Öz kəlamına görə mənə lütf göstər.
59 Tutduğum yollara nəzər salmışam, Hər addımımı göstərişlərinə tərəf yönəltmişəm.
60 Əmrlərinə bağlanmaq üçün tələsirəm, Bunun üçün ləngimirəm.
61 Pis adamlar mənə kəmənd atarkən Qanununu unutmadım.
Zəbur 119 in Azərbaycan dilində Müqəddəs Kitab