Text copied!
Bibles in South Azerbaijani

Zəbur 119:129-164 in South Azerbaijani

Help us?

Zəbur 119:129-164 in Azərbaycan dilində Müqəddəs Kitab

129 Göstərişlərinin heyrətamizliyinə görə Onlara ürəkdən əməl edirəm.
130 Kəlamının açıqlanması nur saçır, Hər nadanı ağıllandırır.
131 Ağız açıb ah-zar edirəm, Çünki əmrlərinin həsrətini çəkirəm.
132 Adını sevənlər üçün etdiyin adətə görə Mənə bax və lütf göstər.
133 Kəlamınla addımlarımı möhkəmləndir, Qoy heç bir təqsirim mənə hakimlik etməsin.
134 Məni insanların zülmündən qurtar, Qoy Sənin qayda-qanunlarına bağlı qalım.
135 Üzün qulunun üstünə nur saçsın, Sən mənə qaydalarını öyrət.
136 Gözlərimdən sellər kimi yaş axır, Çünki insanlar qanununa bağlı qalmırlar.
137 Ya Rəbb, adilsən, Hökmlərin doğrudur.
138 Buyurduğun göstərişlər ədalətlidir, Onlar tamamilə etibarlıdır.
139 Qeyrətim məni yandırıb-yaxıb, Çünki düşmənlərim Sənin sözlərini unudub.
140 Sənin kəlamın çox safdır, Bu qulun onu sevir.
141 Kiçik sayılsam da, mənə xor baxsalar da, Qayda-qanunlarını unutmamışam.
142 Salehliyin əbədi salehlikdir, Sənin qanunun həqiqətdir.
143 Başıma sıxıntı və məşəqqət gəldi, Amma Sənin əmrlərin mənə zövq verdi.
144 Sənin göstərişlərin həmişə ədalətlidir, Mənə ağıl ver ki, yaşayım.
145 Ya Rəbb, cavab ver! Bütün qəlbimlə Səni səsləyirəm, Sənin qaydalarına əməl edəcəyəm.
146 Səni səslədim, məni qurtar, Qoy göstərişlərinə bağlı qalım.
147 Dan yeri sökülməzdən əvvəl qalxıb Səni imdada çağırıram, Çünki ümidimi Sənin sözlərinə bağlayıram.
148 Gecə boyu gözümə yuxu getmir, Kəlamını dərindən düşünürəm.
149 Məhəbbətinə görə mənim səsimi eşit, Ya Rəbb, hökmlərinə görə mənə həyat bəxş et.
150 Şər ardınca qaçanlar mənə yaxınlaşdılar, Onlar Sənin qanunundan uzaqlaşdılar.
151 Ya Rəbb, Sən mənə yaxınsan, Bütün əmrlərin həqiqətdir.
152 Göstərişlərini lap əvvəldən öyrənirəm, Əbədi qalsın deyə öyüdlərini verdin.
153 Çəkdiyim əzabı gör, məni qurtar, Çünki qanununu unutmamışam.
154 Münaqişəmi həll edib Özün məni azad et, Mənə kəlamına görə həyat bəxş et.
155 Pislər qurtuluşdan uzaqdır, Çünki onlar Sənin qaydalarını axtarmırlar.
156 Ya Rəbb, mərhəmətin çoxdur, Hökmlərinə görə məni yaşat.
157 Düşmənlərim, məni təqib edənlər çoxdur, Lakin Sənin göstərişlərindən dönmədim.
158 Bu xainlərə ikrahla baxıram, Çünki Sənin vədinə bağlı qalmayıblar.
159 Sənin qayda-qanunlarını gör nə qədər sevirəm, Ya Rəbb, məhəbbətinə görə mənə həyat ver.
160 Sözlərinin mahiyyəti həqiqətdir, Bütün ədalətli hökmlərin əbədidir.
161 Başçılar boş yerə məni təqib edir, Amma ürəyim Sənin sözlərindən qorxur.
162 Çoxlu qənimət tapan bir insan kimi Sənin kəlamın məni sevindirir.
163 Yalandan zəhləm gedir, iyrənirəm, Çünki qanununu sevirəm.
164 Ədalətli hökmlərinə görə Hər gün yeddi dəfə Sənə həmd edirəm.
Zəbur 119 in Azərbaycan dilində Müqəddəs Kitab