Text copied!
Bibles in South Azerbaijani

Zəbur 119:105-174 in South Azerbaijani

Help us?

Zəbur 119:105-174 in Azərbaycan dilində Müqəddəs Kitab

105 Sözün addımıma çıraqdır, Yollarıma işıqdır.
106 Ədalətli hökmlərinə bağlı qalmaq üçün and içmişəm, Yerinə yetirəcəyəm.
107 Ya Rəbb, nə qədər əzab çəkmişəm! Öz sözünə görə həyatımı qoru.
108 Ya Rəbb, sidq ürəkdən etdiyim həmdi qəbul et, Mənə Öz hökmlərini öyrət.
109 Həyatım daim təhlükəyə düşdü, Amma qanununu unutmadım.
110 Pislər mənə tələ quranda belə, Mən Sənin qayda-qanunlarını pozmadım.
111 Əbədilik Sənin göstərişlərinə malikəm, Çünki onlar qəlbimə sevinc verir.
112 Qəlbimi əbədilik, sonsuzadək Qaydalarına əməl etməyə meyl etdirmişəm.
113 İkiüzlü insanlara nifrət edirəm, Qanununu isə sevirəm.
114 Sən pənahgahım, sipərimsən, Sözünə ümid bağlamışam.
115 Siz ey pislər, məndən uzaq olun! Qoy Allahımın əmrlərinə əməl edim.
116 Kəlamınla mənə dayaq ol ki, yaşayım, Ümidim boşa çıxmasın, utanmayım.
117 Özün mənə dayaq ol, qoy mən nicat tapım, Sənin qaydalarını həmişə nəzərimdə tutum.
118 Qaydalarını atanları Özündən kənar edirsən, Çünki onların bütün fəndləri boşdur.
119 Yer üzünün bütün pislərini tullantı hesab edirsən, Buna görə göstərişlərini sevirəm.
120 Zəhmindən bədənim lərzəyə gəlir, Hökmlərindən çox qorxuram.
121 Ədalətli, düz işlər görmüşəm, Məni zülmkarlara təslim etmə.
122 Qulunun xeyri üçün zamin dur, Qoyma lovğa insanlar mənə zülm etsin.
123 Xilasını, haqq sözünə əməl olunmasını gözləməkdən Gözümün nuru sönür.
124 Quluna məhəbbət göstər, Qaydalarını mənə öyrət.
125 Qulunam, mənə ağıl ver ki, Sənin göstərişlərini dərk edim.
126 Ya Rəbb, insanlar qanununu pozdular, Vaxtı çatıb, onlar üçün bir tədbir gör.
127 Qızıldan, saf qızıldan çox Sənin əmrlərini sevirəm.
128 Bəli, bütün qayda-qanunlarına görə Mən düz yolla gedirəm, Bütün səhv yollarasa nifrət edirəm.
129 Göstərişlərinin heyrətamizliyinə görə Onlara ürəkdən əməl edirəm.
130 Kəlamının açıqlanması nur saçır, Hər nadanı ağıllandırır.
131 Ağız açıb ah-zar edirəm, Çünki əmrlərinin həsrətini çəkirəm.
132 Adını sevənlər üçün etdiyin adətə görə Mənə bax və lütf göstər.
133 Kəlamınla addımlarımı möhkəmləndir, Qoy heç bir təqsirim mənə hakimlik etməsin.
134 Məni insanların zülmündən qurtar, Qoy Sənin qayda-qanunlarına bağlı qalım.
135 Üzün qulunun üstünə nur saçsın, Sən mənə qaydalarını öyrət.
136 Gözlərimdən sellər kimi yaş axır, Çünki insanlar qanununa bağlı qalmırlar.
137 Ya Rəbb, adilsən, Hökmlərin doğrudur.
138 Buyurduğun göstərişlər ədalətlidir, Onlar tamamilə etibarlıdır.
139 Qeyrətim məni yandırıb-yaxıb, Çünki düşmənlərim Sənin sözlərini unudub.
140 Sənin kəlamın çox safdır, Bu qulun onu sevir.
141 Kiçik sayılsam da, mənə xor baxsalar da, Qayda-qanunlarını unutmamışam.
142 Salehliyin əbədi salehlikdir, Sənin qanunun həqiqətdir.
143 Başıma sıxıntı və məşəqqət gəldi, Amma Sənin əmrlərin mənə zövq verdi.
144 Sənin göstərişlərin həmişə ədalətlidir, Mənə ağıl ver ki, yaşayım.
145 Ya Rəbb, cavab ver! Bütün qəlbimlə Səni səsləyirəm, Sənin qaydalarına əməl edəcəyəm.
146 Səni səslədim, məni qurtar, Qoy göstərişlərinə bağlı qalım.
147 Dan yeri sökülməzdən əvvəl qalxıb Səni imdada çağırıram, Çünki ümidimi Sənin sözlərinə bağlayıram.
148 Gecə boyu gözümə yuxu getmir, Kəlamını dərindən düşünürəm.
149 Məhəbbətinə görə mənim səsimi eşit, Ya Rəbb, hökmlərinə görə mənə həyat bəxş et.
150 Şər ardınca qaçanlar mənə yaxınlaşdılar, Onlar Sənin qanunundan uzaqlaşdılar.
151 Ya Rəbb, Sən mənə yaxınsan, Bütün əmrlərin həqiqətdir.
152 Göstərişlərini lap əvvəldən öyrənirəm, Əbədi qalsın deyə öyüdlərini verdin.
153 Çəkdiyim əzabı gör, məni qurtar, Çünki qanununu unutmamışam.
154 Münaqişəmi həll edib Özün məni azad et, Mənə kəlamına görə həyat bəxş et.
155 Pislər qurtuluşdan uzaqdır, Çünki onlar Sənin qaydalarını axtarmırlar.
156 Ya Rəbb, mərhəmətin çoxdur, Hökmlərinə görə məni yaşat.
157 Düşmənlərim, məni təqib edənlər çoxdur, Lakin Sənin göstərişlərindən dönmədim.
158 Bu xainlərə ikrahla baxıram, Çünki Sənin vədinə bağlı qalmayıblar.
159 Sənin qayda-qanunlarını gör nə qədər sevirəm, Ya Rəbb, məhəbbətinə görə mənə həyat ver.
160 Sözlərinin mahiyyəti həqiqətdir, Bütün ədalətli hökmlərin əbədidir.
161 Başçılar boş yerə məni təqib edir, Amma ürəyim Sənin sözlərindən qorxur.
162 Çoxlu qənimət tapan bir insan kimi Sənin kəlamın məni sevindirir.
163 Yalandan zəhləm gedir, iyrənirəm, Çünki qanununu sevirəm.
164 Ədalətli hökmlərinə görə Hər gün yeddi dəfə Sənə həmd edirəm.
165 Qanununu sevənlər böyük əmin-amanlıq tapırlar, Onlar heç nə ilə büdrəməzlər.
166 Ya Rəbb, xilasına ümid bəsləmişəm, Əmrlərinə əməl etmişəm.
167 Göstərişlərinə ürəkdən bağlanmışam, Onları çox sevirəm!
168 Qayda-qanunlarına, göstərişlərinə bağlı qalıram, Çünki bütün yollarım Sənin hüzurundadır.
169 Ya Rəbb, mənim fəryadım qoy Sənə çatsın, Mənə Öz sözünə görə ağıl ver.
170 Qoy yalvarışım hüzuruna çatsın, Məni Öz kəlamınla azad et.
171 Qoy dilimdən həmdlər tökülsün, Mənə qaydalarını öyrətmisən.
172 Sənin kəlamını dilim tərənnüm etsin, Çünki Sənin bütün əmrlərin ədalətlidir.
173 Sənin əlin mənə kömək etsin, Çünki Sənin qayda-qanunlarını seçdim.
174 Ya Rəbb, qurtuluşun üçün həsrət çəkirəm, Qanunundan zövq alıram.
Zəbur 119 in Azərbaycan dilində Müqəddəs Kitab