36 Buna görə Rəbb belə deyir: «Məhkəmədə işinizə Mən baxacağam, Qisasınızı Mən alacağam. Onun çayını qurudacaq, Bulağının suyunu kəsəcəyəm.
37 Babil daş qalaqlarına, Çaqqal yuvasına dönəcək. Dəhşət hədəfi olacaq, İstehza ilə ona fit çalacaqlar. Orada heç kəs yaşamayacaq.
38 Xalqı cavan aslanlar kimi kükrəyəcək, Şir balaları kimi nərildəyəcək.
39 Ancaq qızışdıqları vaxt Ziyafət düzəldib onları sərxoş edəcəyəm. Qoy keflənsinlər, Əbədi yuxuya dalsınlar, Heç vaxt oyanmasınlar» Rəbb belə bəyan edir.
40 «Onları quzu, qoç və təkə kimi Kəsməyə aparacağam.
41 Şeşak necə alındı! Bütün dünyanın qürurlandığı yer Necə dəhşətli hala düşdü. Babil millətlər arasında Necə dəhşətli hala düşdü!
42 Babili çay basacaq, Onu gurlayan dalğalar örtəcək.
43 Qəsəbələri viran olacaq, Torpaqları heç kəsin yaşamadığı, Bəşər oğlunun keçmədiyi Quraq bir çölə dönəcək.
44 Babildə Bel bütünü cəzalandıracağam, Udduğunu ona qusduracağam. Artıq millətlər oraya axın-axın gəlməyəcək, Babil divarı da yıxılacaq.
45 Oradan çıx, ey xalqım! Hamınız canınızı qurtarın! Rəbbin qızğın qəzəbindən qaçın!
46 Ölkədə eşitdiyiniz şayiələrə görə Cəsarətinizi itirib qorxmayın. Bir il bir şayiə gəlir, O biri il başqası. Ölkədə zorakılıq, Başçının başçıya qarşı çıxması barədə Şayiələr yayılır.
47 Buna görə də yəqin ki Babilin bütlərini cəzalandıracağım günlər gəlir. Bütün ölkə utandırılacaq, Öldürülənləri onun ortasında yerə səriləcək.
48 O zaman yer, göy və onlardakı hər şey Babilin başına gələnlərə sevinəcək. Çünki şimaldan gələn məhv edənlər Ona hücum edəcək» Rəbb belə bəyan edir.
49 «İsrailin öldürülənlərinə görə Babil də məhv olmalıdır, Necə ki yer üzündə öldürülən hər kəs Babilə görə məhv oldu.
50 Ey qılıncdan qurtulanlar, Qaçın, ləngiməyin! Rəbbi uzaqdan yada salın, Yerusəlim barədə düşünün!»
51 Biz utandıq, Çünki təhqir eşitdik, Üzümüzü rüsvayçılıq örtdü. Çünki yadellilər Rəbbin məbədinin Müqəddəs yerlərinə girdi.
52 «Buna görə də bütlərini Cəzalandıracağım günlər gəlir, Bütün ölkədə yaralılar inildəyəcək» Rəbb belə bəyan edir.
53 «Babil göylərə çıxsa da, Ucalardakı qalasını möhkəmləndirsə də, Məhv edənləri üstünə göndərəcəyəm» Rəbb belə bəyan edir.
54 «Babildən fəryad, Xaldey ölkəsindən böyük qırğın səsi eşidilir.
55 Çünki Rəbb Babili məhv edir, Onun hay-küyünü susdurur. Düşmən dalğaları axar sular kimi kükrəyir, Səslərinin gurultusu ucalır.
56 Çünki Babilə qarşı bir məhv edən çıxacaq, Döyüşçüləri əsir tutulacaq, Kamanları qırılacaq. Çünki Rəbb əvəz verən bir Allahdır, Mütləq cəzalandıracaq.
57 Babil başçılarını, müdriklərini, Valilərini, vəkillərini, döyüşçülərini Elə sərxoş edəcəyəm ki, Əbədi yuxuya dalacaq, Heç vaxt oyanmayacaqlar» Adı Ordular Rəbbi olan Padşah belə bəyan edir.
58 Ordular Rəbbi deyir: «Babilin qalın divarları yerlə yeksan ediləcək, Uca darvazaları oda veriləcək. Xalqlar boş-boşuna zəhmət çəkir, Ümmətlərin çəkdiyi əziyyət Oda təslim ediləcək».
59 Yəhuda padşahı Sidqiyanın padşahlığının dördüncü ilində ordu təsərrüfatçısı Maxseya oğlu Neriya oğlu Seraya, Sidqiya ilə birgə Babilə gedərkən Yeremya peyğəmbər ona bu əmri tapşırdı.
60 Yeremya Babilin başına gələcək bütün fəlakətləri, Babil barədə yazılmış bütün bu sözləri bir tumara yazdı.
61 Yeremya Serayaya dedi: «Babilə çatanda bütün bu sözləri oxumağı unutma.