33 Onlar Mənə üzlərini deyil, arxalarını çevirdi. Onları dəfələrlə öyrətdimsə də, Mənə qulaq asmadılar və dərs almadılar.
34 Mənim adımla çağırılan bu məbədə iyrənc bütlərini qoyaraq onu murdarladılar.
35 Ben-Hinnom vadisində Molek bütünə qurban olaraq oğullarını və qızlarını odda qurban etməkdən ötrü Baal üçün səcdəgahlar qurdular. Mən belə iyrənc bir şeyi etməyi və Yəhudanı günaha batırmağı nə onlara buyurdum, nə də ağlıma gətirdim.
36 Siz bu şəhər barədə ‹qılınc, aclıq və vəba ilə Babil padşahına təslim edilir› deyirsiniz”. Amma indi İsrailin Allahı Rəbb deyir:
37 “Onları qızğın qəzəb və böyük hiddətlə sürgün etdiyim bütün ölkələrdən toplayacağam. Onları buraya qaytarıb əmin-amanlıq içində yaşamalarını təmin edəcəyəm.