1 Amma İsrail övladları məhv edilməyə həsr olunmuş şeylərə münasibətdə xəyanət etdilər. Çünki Yəhuda qəbiləsindən Zerah oğlu Zavdi oğlu Karmi oğlu Akan məhv edilməyə həsr olunmuş şeylərdən götürdü. Ona görə də Rəbbin qəzəbi İsrail övladlarına qarşı alovlandı.
2 Yeşua Yerixodan Bet-Elin şərqində, Bet-Avenin yanında olan Ay şəhərinə adamlar göndərib onlara dedi: «Gedin, ölkəni gözdən keçirin». Adamlar çıxıb Ay şəhərini gözdən keçirdilər.
3 Onlar Yeşuanın yanına qayıdıb dedilər: «Bütün xalq getməsin, ancaq iki ya üç min nəfərə qədər adam gedib Ay şəhərini məhv etsin. Bütün xalqı oraya göndərib yorma, çünki onlar azdır».
4 Beləliklə, oraya xalqın üç min nəfərə qədəri getdi, lakin onlar Ay sakinlərinin qarşısından qaçdılar.
5 Aylılar onlardan otuz altı nəfəri öldürüb, İsrailliləri şəhərin darvazasının qabağından daş çıxarılan yerə qədər qovdular və onları enişlikdə qırdılar. Bundan sonra xalqın ürəyi qorxudan dəhşətə gəldi.
6 Yeşua paltarını cırdı, özü və İsrailin ağsaqqalları Rəbbin sandığı önündə axşama kimi yerə yıxılıb başlarına torpaq tökdülər.