Text copied!
Bibles in South Azerbaijani

Yeşua 22:11-27 in South Azerbaijani

Help us?

Yeşua 22:11-27 in Azərbaycan dilində Müqəddəs Kitab

11 İsrail övladları bunu eşitdilər: «Budur, Ruven övladları, Qad övladları və Menaşşe qəbiləsinin yarısı Kənan torpağının sərhədində – İordan çayının yanındakı Gelilotda, İsrail övladlarına aid olan tərəfdə bir qurbangah qurub».
12 İsrail övladları bunu eşidəndə bütün İsrail övladlarının icmasını onlara qarşı döyüşə çıxmaq üçün Şiloya çağırdılar.
13 İsrail övladları Gilead torpağına, Ruven övladlarının, Qad övladlarının və Menaşşe qəbiləsinin yarısının yanına kahin Eleazar oğlu Pinxası,
14 onunla birlikdə İsrail qəbilələrinin hər biri üçün nəsil rəhbəri olmaqla on rəhbər göndərdilər. Onların hər biri İsrail tayfaları arasında nəsil başçıları idi.
15 Onlar Gilead torpağına, Ruven övladlarının, Qad övladlarının və Menaşşe qəbiləsinin yarısının yanına gələrək belə dedi:
16 «Rəbbin icması hamılıqla belə deyir: “Nədir İsrailin Allahına belə xəyanət etdiniz? Niyə Rəbbin yolundan döndünüz və bu gün özünüzə başqa qurbangah quraraq Ona qarşı üsyan etdiniz?
17 Rəbbin icması üzərinə bəla gətirən və bu günə qədər də təmizlənmədiyimiz Peor günahı məgər bizə azlıq edir ki,
18 bu gün də Rəbbin yolundan dönürsünüz? Əgər siz bu gün Rəbbə qarşı üsyan etsəniz, O da sabah bütün İsrail icmasına qəzəblənəcək.
19 Əgər sahib olduğunuz torpaq murdardırsa, Rəbbin məskəninin yerləşdiyi – Rəbbin mülkü olan torpağa keçin. Qoy torpaq payınız bizim aramızda olsun. Allahımız Rəbbin qurbangahından başqa özünüzə qurbangah qurmaqla Rəbbə və bizə qarşı üsyan etməyin.
20 Zerah oğlu Akan məhv edilmək üçün həsr olunan şeylərdən götürməklə xəyanət etmədimi? Ona görə bütün İsrail icması üzərinə qəzəb gəlmədimi? Bu günahdan ötrü o adam tək özü məhv olmadı”».
21 Ruven övladları, Qad övladları, Menaşşe qəbiləsinin yarısı İsrail tayfalarının başçılarına cavab verdilər:
22 «Qadir Allah Rəbb! Qadir Allah Rəbb! O bilir, qoy İsrail də bilsin. Əgər Rəbbin əleyhinə çıxıb üsyan edəriksə, qoy bu gün O bizə qənim olsun!
23 Əgər Rəbbin yolundan dönmək üçün üzərində yandırma qurbanları, taxıl təqdimləri, ünsiyyət qurbanları təqdim etməkdən ötrü özümüzə başqa bir qurbangah qurmuşuqsa, qoy Rəbb Özü bunun cavabını bizdən istəsin.
24 Amma bunu qorxaraq bu məqsədlə etdik ki, sabah sizin övladlarınız övladlarımıza deməsinlər: “İsrailin Allahı Rəbdən sizə nə?
25 Ey Ruven övladları, ey Qad övladları! Rəbb sizinlə bizim aramızda İordan çayını sərhəd qoydu. Rəbdə sizin payınız yoxdur”. Bununla da sizin övladlarınız bizim övladlarımızı Rəbb qorxusundan döndərə bilər.
26 Ona görə belə dedik: “Özümüzə bir qurbangah qurmaq üçün işə başlayaq”. Bu qurbangah yandırma qurbanı və başqa qurbanlar üçün deyil,
27 bizimlə sizin aranızda və sonrakı nəsillərimiz arasında şahid olmaq üçündür. Ta ki biz də yandırma qurbanlarımız, başqa qurbanlarımız və ünsiyyət qurbanlarımızla Rəbbin hüzurunda Ona xidmət edək. Sabah sizin övladlarınız da bizim övladlarımıza “Rəbdə sizin payınız yoxdur” deməsinlər.
Yeşua 22 in Azərbaycan dilində Müqəddəs Kitab