Text copied!
Bibles in South Azerbaijani

Yeşua 10:3-20 in South Azerbaijani

Help us?

Yeşua 10:3-20 in Azərbaycan dilində Müqəddəs Kitab

3 Bunun üçün Yerusəlim padşahı Adoni-Sedeq Xevron padşahı Hohama, Yarmut padşahı Pirama, Lakiş padşahı Yafiaya, Eqlon padşahı Devirə xəbər göndərib dedi:
4 «Yanıma gəlib Giveonluları qırmaqda mənə kömək edin, çünki onlar Yeşua və İsrail övladları ilə sülh bağlayıb».
5 Beş Emor padşahı olan Yerusəlim padşahı, Xevron padşahı, Yarmut padşahı, Lakiş padşahı, Eqlon padşahı bütün orduları birləşdirərək gəlib Giveon qarşısında ordugah quraraq ona qarşı vuruşdular.
6 Giveon adamları Qilqaldakı ordugaha, Yeşuaya xəbər göndərib dedilər: «Əlini qullarının üstündən çəkmə, tez yanımıza gəl, bizi qurtar və bizə kömək et. Çünki dağlıqda yaşayan bütün Emor padşahları bizə qarşı birləşib».
7 Yeşua, onunla birgə bütün döyüşçülər və bütün igid adamlar Qilqaldan çıxdılar.
8 Rəbb Yeşuaya dedi: «Onlardan qorxma, çünki onları sənə təslim etdim, onlardan heç kim sənin qarşında dura bilməyəcək».
9 Yeşua bütün gecə Qilqaldan yuxarı çıxıb qəflətən onların üstünə gəldi.
10 Rəbb onları İsraillilərin qarşısında çaşbaş saldı, İsraillilər onları Giveonda böyük tələfata uğratdı və onları Bet-Xoron yoxuşunda təqib edərək Azeqaya və Maqqedaya qədər qırdılar.
11 Emorlular İsraillilərin qarşısından qaçdıqları zaman Bet-Xoron enişində ikən Azeqaya qədər Rəbb onların üstünə göydən böyük daşlar yağdırdı və onlar öldülər. Daş kimi dolu ilə ölənlər İsrail övladlarının qılıncla öldürdüklərindən daha çox idi.
12 Rəbb Emorluları İsrail övladlarına təslim etdiyi gün Yeşua Rəbbə yalvardı və İsraillilərin gözü qarşısında dedi: «Dayan, ey günəş, Giveon üzərində, Ey ay, Ayyalon dərəsində».
13 İsrail xalqı düşmənlərindən qisas alana qədər günəş orada dayandı və ay yerində qaldı. Bu hadisə Yaşar kitabında yazılmışdı. Günəş göyün ortasında durdu və ləngiyib təxminən bütün günü batmadı.
14 Rəbbin insan səsini eşitdiyi o gün kimi bir gün nə ondan əvvəl, nə də ondan sonra oldu, çünki Rəbb İsrail üçün vuruşdu.
15 Sonra Yeşua və onunla birlikdə bütün İsraillilər Qilqaldakı ordugaha qayıtdı.
16 Bu beş padşah qaçıb Maqqedada olan mağarada gizləndi.
17 «Maqqedadakı mağarada gizlənən beş padşah tapıldı» deyə Yeşuaya xəbər verdilər.
18 Yeşua dedi: «Mağaranın ağzına böyük daşlar yuvarladın və onlara nəzarət etmək üçün yanına adamlar qoyun.
19 Ancaq siz dayanmayın, düşmənlərinizi təqib edin və arxadakıları da qırın. Onları şəhərlərinə girməyə qoymayın. Allahınız Rəbb onları sizə təslim edib».
20 Yeşua və İsrail övladları düşməni çox ağır bir məğlubiyyətə uğradaraq tamamilə qırdı. Sağ qalanlar isə qalalı şəhərlərdə sığındı.
Yeşua 10 in Azərbaycan dilində Müqəddəs Kitab