Text copied!
Bibles in South Azerbaijani

Yeşua 10:14-34 in South Azerbaijani

Help us?

Yeşua 10:14-34 in Azərbaycan dilində Müqəddəs Kitab

14 Rəbbin insan səsini eşitdiyi o gün kimi bir gün nə ondan əvvəl, nə də ondan sonra oldu, çünki Rəbb İsrail üçün vuruşdu.
15 Sonra Yeşua və onunla birlikdə bütün İsraillilər Qilqaldakı ordugaha qayıtdı.
16 Bu beş padşah qaçıb Maqqedada olan mağarada gizləndi.
17 «Maqqedadakı mağarada gizlənən beş padşah tapıldı» deyə Yeşuaya xəbər verdilər.
18 Yeşua dedi: «Mağaranın ağzına böyük daşlar yuvarladın və onlara nəzarət etmək üçün yanına adamlar qoyun.
19 Ancaq siz dayanmayın, düşmənlərinizi təqib edin və arxadakıları da qırın. Onları şəhərlərinə girməyə qoymayın. Allahınız Rəbb onları sizə təslim edib».
20 Yeşua və İsrail övladları düşməni çox ağır bir məğlubiyyətə uğradaraq tamamilə qırdı. Sağ qalanlar isə qalalı şəhərlərdə sığındı.
21 Bütün xalq Maqqedadakı ordugaha, Yeşuanın yanına salamat qayıtdı və bundan sonra İsrail övladlarına qarşı heç kim bir söz deyə bilmədi.
22 O vaxt Yeşua dedi: «Mağaranın ağzını açın, bu beş padşahı mağaradan mənim yanıma gətirin».
23 Elə də etdilər, mağaradan bu beş padşahı – Yerusəlim padşahını, Xevron padşahını, Yarmut padşahını, Lakiş padşahını və Eqlon padşahını onun yanına gətirdilər.
24 Bu padşahları Yeşuanın yanına gətirən zaman o bütün İsrail adamlarını çağırdı. Onunla gələn döyüşçülərin başçılarına dedi: «Yaxınlaşın, ayaqlarınızı bu padşahların boynuna qoyun». Onlar yaxınlaşdılar, ayaqlarını onların boynuna qoydular.
25 Yeşua onlara dedi: «Qorxmayın və ruhdan düşməyin, qüvvətli və ürəkli olun, çünki Rəbb vuruşacağınız bütün düşmənlərinizin başına bunları gətirəcək».
26 Ondan sonra Yeşua onları vurub öldürdü. Onları beş ağacdan asdı və axşama kimi ağacdan asılı qaldılar.
27 Gün batanda Yeşua əmr etdi ki, onları ağacdan endirsinlər və onları gizləndikləri mağaraya atdılar. Mağaranın ağzına da böyük daşlar qoydular və bu daşlar bu günə qədər də oradadır.
28 Yeşua o gün Maqqedanı aldı, onları və onun tərəfində olan bütün adamları tamamilə məhv etdi, bir adamı belə, sağ buraxmadı. Yerixo padşahının başına gətirdiyini Maqqeda padşahının da başına gətirdi.
29 Yeşua və onunla birgə bütün İsraillilər Maqqedadan Livnaya keçdilər və Livnaya qarşı vuruşdular.
30 Rəbb həm şəhəri, həm də onun padşahını İsraillilərə təslim etdi. Yeşua padşahı və orada olan bütün adamları qılıncdan keçirib bir adamı belə, sağ buraxmadı. Yerixo padşahının başına gətirdiyini oranın padşahının da başına gətirdi.
31 Yeşua və onunla birgə bütün İsraillilər Livnadan Lakişə keçib onların qarşısında dayanaraq Lakişlilərlə vuruşdular.
32 Rəbb Lakişi İsraillilərə təslim etdi və oranı ikinci gün aldılar. Livnada etdikləri kimi Lakişi və oradakı bütün adamları qılıncdan keçirtdilər.
33 O zaman Gezer padşahı Horam Lakişə kömək etmək üçün gəldi. Yeşua bir nəfəri də sağ buraxmadan onu və onun xalqını da qırdı.
34 Yeşua və onunla birgə bütün İsraillilər Lakişdən Eqlona keçdilər, onun qarşısına çıxıb Eqlonlularla vuruşdular.
Yeşua 10 in Azərbaycan dilində Müqəddəs Kitab