Text copied!
Bibles in South Azerbaijani

Yəhya 6:4-37 in South Azerbaijani

Help us?

Yəhya 6:4-37 in Azərbaycan dilində Müqəddəs Kitab

4 Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı.
5 İsa başını qaldıraraq böyük bir izdihamın yanına gəldiyini görüb Filipə dedi: «Haradan çörək alıb bu adamları yedirək?»
6 Bu sözləri onu sınamaq məqsədi ilə söylədi, çünki Özü nə edəcəyini bilirdi.
7 Filip Ona cavab verdi: «Bunlara iki yüz dinarlıq çörək də çatmaz ki, hərəsi bir tikə yemək yesin».
8 Şagirdlərindən biri olan Şimon Peterin qardaşı Andrey Ona dedi:
9 «Burada beş kiçik arpa çörəyi ilə iki balığı olan bir oğlan var, amma bu qədər adam üçün bunlar nədir ki?»
10 İsa «xalqı yerə oturdun» dedi. Ora otla örtülmüşdü. Xalq da oturdu. Kişilərin sayı beş minə yaxın idi.
11 O zaman İsa çörəkləri götürüb şükür edərək balıqlarla birgə, oturanlara – hər kəsə istədiyi qədər payladı.
12 Onlar yeyib-doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan hissələri toplayın ki, heç bir şey zay olmasın».
13 Bunları topladılar və beş arpa çörəyini yeyənlərin qabağından qalan hissələrdən on iki zənbil doldurdular.
14 O zaman İsanın göstərdiyi əlaməti görən adamlar «Həqiqətən, dünyaya gəlməli olan peyğəmbər Budur!» deyirdi.
15 İsa bildi ki, adamlar gəlib Onu padşah etmək üçün zorla aparmağa hazırlaşır, buna görə də təkbaşına dağa çəkildi.
16 Axşam çatanda İsanın şagirdləri gölə enib
17 bir qayığa mindilər. Onlar gölün o biri sahilində olan Kefernahuma gedirdilər. Qaranlıq düşmüşdü, amma İsa hələ onların yanına gəlməmişdi.
18 Güclü külək əsdiyindən göl dalğalanırdı.
19 Onlar beləcə avar çəkib iyirmi beş ya otuz stadi gedəndən sonra gördülər ki, İsa gölün üstü ilə yeriyir və qayığa yaxınlaşır. Qorxdular,
20 amma İsa onlara «Mənəm, qorxmayın» dedi.
21 Onda şagirdlər Onu məmnunluqla qayığa götürdülər. Sonra qayıq o andaca getdikləri sahilə çatdı.
22 Ertəsi gün gölün o biri sahilində qalan xalq başa düşdü ki, orada yalnız bir qayıqolub, İsa Öz şagirdləri ilə həmin qayığa minməyib, şagirdləri Onsuz gedib.
23 O arada Tiberiyadan digər qayıqlar Rəbb şükür edəndən sonra yemək yedikləri yerin yaxınlığına gəldilər.
24 Beləcə xalq İsanın da, şagirdlərinin də orada olmadığını görüb qayıqlara minərək İsanı axtara-axtara Kefernahuma gəldi.
25 İsanı gölün o biri sahilində görəndə «Rabbi, buraya nə vaxt gəldin?» deyə soruşdular.
26 İsa onlara cavab olaraq dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: əlamətlər gördüyünüz üçün deyil, çörək yeyib doyduğunuz üçün Məni axtarırsınız.
27 Keçib-gedən yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün, onu sizə Bəşər Oğlu verəcək. Çünki Ata Allah Ona Öz möhürünü vurub».
28 Onlar İsadan soruşdular: «Allahın istədiyi işləri görmək üçün biz nə edək?»
29 İsa onlara cavab verdi: «Allahın istədiyi iş budur: Onun göndərdiyi Şəxsə iman edin».
30 Onlar İsaya dedilər: «Sən nə əlamət göstərərsən ki, görüb Sənə inanaq? Nə iş görəcəksən?
31 Ata-babalarımız çöldə manna yedi; bu barədə yazılıb: “Onlara yemək üçün göydən çörək verdi”».
32 Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizə göydən çörək verən Musa deyildi, göydən həqiqi çörəyi sizə verən Atamdır.
33 Çünki Allahın çörəyi budur ki, göydən enir və dünyaya həyat verir».
34 Ona dedilər: «Ağa, Sən daim bizə bu çörəyi ver».
35 İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz.
36 Lakin sizə dedim ki, Məni görürsünüz, amma iman etmirsiniz.
37 Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram.
Yəhya 6 in Azərbaycan dilində Müqəddəs Kitab