Text copied!
Bibles in South Azerbaijani

Vaiz 2:1-17 in South Azerbaijani

Help us?

Vaiz 2:1-17 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Mən ürəyimdə dedim: “Gəl indi də şadlıq etməyi sınaqdan keçir və kefə bax”. Amma gördüm ki, bu da puçdur.
2 Gülmək haqqında “Dəlilikdir!”, şadlıq haqqında “Nə faydası var?” dedim.
3 Hələ ağlım başımda olarkən cəhd etdim ki, necə özümü şərabla şənləndirib ağılsız olum. Beləcə görmək istəyirdim ki, göylər altında insanlar üçün bir neçə günlük ömürlərində kef açan nədir.
4 Mən böyük işlər gördüm: özümə evlər tikdim, üzüm bağları saldım,
5 özümə bağçalar və bağlar düzəltdim, orada hər cür meyvə ağacı əkdim.
6 Özümə su hovuzları düzəltdim ki, meşədə bitən ağacları suvarsın.
7 Nökərlər və kənizlər aldım, evimdə doğulan qullarım var idi. Naxırlarım və sürülərim də məndən əvvəl Yerusəlimdə yaşayanların hamısınkından çox idi.
8 Özümə qızıl-gümüş, padşahların və vilayətlərin xəzinələrini yığdım. Özümə kişi və qadın müğənnilər gətirtdim, kişilərin xoşuna gələn ən gözəl qadınların sayını artırdım.
9 Beləcə yüksəlib məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından daha əzəmətli oldum. Hikmətim də özümdə qaldı.
10 Gözlərimin istədiyi hər şeyi özümdən əsirgəmədim, Ürəyimi heç bir həzzdən məhrum etmədim, Könlüm etdiyim hər işdən zövq aldı. Bu çəkdiyim bütün zəhmətlərin payı idi.
11 Mən etdiyim bütün işlərə, Nail olmaq üçün çəkdiyim bütün zəhmətlərə dönüb baxdım: Gördüm ki, hər şey puçdur, Külək dalınca qaçmağa bənzər. Səma altında bunların faydası yoxdur.
12 Sonra mən hikmət, dəlilik və ağılsızlığın Nə olduğuna dönüb baxdım. Bundan sonra padşah olan adam İndiyə qədər görülən işlərdən başqa Nə edə bilər ki?
13 Mən gördüm ki, Necə işıq qaranlıqdan üstündürsə, Hikmət də ağılsızlıqdan eləcə üstündür.
14 Hikmətli adamın gözləri yerindədir, Ağılsız adam isə qaranlıqda gəzir. Lakin mən yenə bilirəm ki, İkisinin də aqibəti eyni cür olur.
15 Mən ürəyimdə dedim: “Mənim də aqibətim ağılsız adamın Aqibəti kimi olacaq. Onda hikmətli olmağımın Nə faydası var?” Ona görə də ürəyimdə dedim: “Bu da puçdur”.
16 Çünki müdrik adam da Ağılsız adam kimi Bir daha xatırlanmayacaq, Gələcək dövrdə hamısı unudulacaq. Heyf ki hikmətli adam da Ağılsız adam kimi ölür!
17 Beləcə həyata nifrət etdim, Çünki səma altında edilən işlər Mənim üçün dərddir. Hər şey puçdur, Külək dalınca qaçmağa bənzər.
Vaiz 2 in Azərbaycan dilində Müqəddəs Kitab