Text copied!
Bibles in South Azerbaijani

Saylar 11:9-23 in South Azerbaijani

Help us?

Saylar 11:9-23 in Azərbaycan dilində Müqəddəs Kitab

9 Manna gecə düşərgə üzərinə düşən şehlə bərabər düşərdi.
10 Musa xalqın, hər ailənin çadırının qarşısında ağlamaqlarını eşitdi və Rəbbin qəzəbi çox alovlandı. Musa da narazı idi.
11 Ona görə Rəbbə dedi: «Sən nə üçün quluna əzab verdin? Sənin gözündə lütf tapmadığım üçün bu xalqın bütün yükünü mənim üzəriməmi qoyursan?
12 Bütün bu xalqa mənmi hamilə olmuşam? Bunları mənmi doğmuşam? Məgər Sən istəyirsən ki, südəmər uşağı gəzdirən dayə kimi atalarına and içib söz verdiyin torpağa onları qucağımda mən aparım?
13 Bütün bu xalqa yedirtmək üçün əti mən haradan tapım? Çünki onlar mənim qarşımda ağlayaraq “bizə ət ver, yeyək” deyirlər.
14 Bu xalqı mən təkbaşına daşıya bilmərəm, çünki bu mənim üçün çox ağırdır.
15 Əgər mənimlə bu cür davranacaqsansa, gözündə lütf tapdımsa, onda nə olar, məni öldür ki, belə əzabı görməyim».
16 Rəbb Musaya dedi: «Mənə xalq arasında rəhbər və mötəbər saydığın İsrail ağsaqqallarından yetmiş nəfər topla. Onları Hüzur çadırına gətir və qoy səninlə dursunlar.
17 Mən enərək orada səninlə danışacağam. Səndə olan Ruhdan götürüb onlara verəcəyəm ki, xalqın yükünü səninlə bərabər çəksinlər. Bununla da bu yükü təkbaşına daşımayacaqsan.
18 Xalqa de ki, sabah üçün özlərini pak etsinlər, çünki ət yeyəcəklər. “Kaş ki ətimiz olaydı! Misirdə halımız yaxşı idi” deyərək bərkdən ağladınız. Bunu Rəbb eşitdi. Ona görə Rəbb sizə ət verəcək, yeyəcəksiniz.
19 Nə bir gün, nə iki gün, nə beş gün, nə on gün, nə də iyirmi gün yeyəcəksiniz.
20 Düz bir ay, burnunuzdan gələnə qədər, iyrənənə qədər yeyəcəksiniz; çünki aranızda olan Rəbbi rədd etdiniz və Onun qarşısında “nə üçün Misirdən çıxdıq?” deyərək ağladınız».
21 Musa dedi: «Arasında olduğum bu xalqda altı yüz min piyada vardır və Sən deyirsən: “Mən onlara bir aylıq yemək üçün ət verəcəyəm”.
22 Bütün qoyun-keçi və mal-qara kəsilərsə, onlar doyarmı? Dənizin bütün balıqları tutularsa, onlar doyarmı?»
23 Rəbb Musaya dedi: «Məgər Rəbbin əli qısaldımı? İndi görəcəksən sənə dediklərim yerinə yetir ya yox».
Saylar 11 in Azərbaycan dilində Müqəddəs Kitab