Text copied!
Bibles in South Azerbaijani

Mark 6:5-38 in South Azerbaijani

Help us?

Mark 6:5-38 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Orada O heç bir möcüzə yarada bilmədi, yalnız bir neçə xəstənin üzərinə əl qoyub şəfa verdi.
6 İsa onların imansızlığına heyrət edirdi. Sonra ətraf kəndlərdə təlim öyrədərək oraları gəzib-dolaşdı.
7 İsa On İki şagirdi yanına çağırıb onları iki-iki göndərməyə başladı və onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi.
8 Onlara tapşırdı ki, yol üçün əsadan başqa heç nə – nə çörək, nə torba, nə də qurşaqlarında pul götürsünlər,
9 ayaqlarına səndəl geysələr də, əyinlərinə iki köynək geyinməsinlər.
10 İsa onlara dedi: «Harada bir evə girsəniz, çıxanacan orada qalın.
11 Harada sizi qəbul etməyib sizə qulaq asmaq istəməzlərsə, oradan ayrılarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın».
12 Onlar da yola düşdülər və vəz edərək insanları tövbəyə çağırdılar.
13 Çoxlu cin çıxartdılar, yağla məsh edərək çox xəstəyə şəfa verdilər.
14 Padşah Hirod da olanları eşitdi, çünki İsanın adı tanınırdı. Adamlar deyirdilər: «Vəftiz edən Yəhya ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır».
15 Digərləri isə deyirdilər: «Bu, İlyasdır». Bəziləri də deyirdi: «Keçmişdəki peyğəmbərlərdən birinə oxşar peyğəmbərdir».
16 Amma Hirod bunu eşidəndə dedi: «Bu, boynunu vurdurduğum Yəhyadır, dirilib!»
17 Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. Çünki Hirod Hirodiyanı özünə arvad olaraq almışdı
18 və Yəhya Hiroda demişdi: «Qardaşının arvadını almaq sənə qadağandır».
19 Hirodiya Yəhyaya qarşı kin saxlayıb onu öldürmək niyyətinə düşmüşdü, amma bunu edə bilmirdi.
20 Çünki Hirod Yəhyanın saleh və müqəddəs bir adam olduğunu bildiyinə görə ondan qorxub onu qoruyurdu. Hirod ona qulaq asanda çaşqınlığa düşdü, buna baxmayaraq, onu həvəslə dinləyirdi.
21 Bir gün Hirodiyanın əlinə yaxşı bir fürsət düşdü. Hirod ad günündə əyanlarına, minbaşılara və Qalileyanın nüfuzlu şəxslərinə ziyafət verdi.
22 Ziyafət zamanı Hirodiyanın qızı içəri daxil olub rəqs etdi. Bu, Hirodun və qonaqlarının xoşuna gəldi. Padşah qıza dedi: «Ürəyin istəyəni məndən dilə, mən də sənə verim».
23 Sonra möhkəm and içərək yenə dedi: «Məndən hər nə istəsən, hətta padşahlığımın yarısını belə, istəsən, sənə verəcəyəm».
24 Qız isə çıxıb anasından soruşdu: «Mən nə istəməliyəm?» O cavab verdi: «Vəftiz edən Yəhyanın başını».
25 Qız o saat padşahın yanına qaçdı və öz istəyini dedi: «İstəyirəm ki, Vəftizçi Yəhyanın başını dərhal bir sini içində mənə verəsən».
26 Padşahı dərin kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə qızın sözünü yerə salmaq istəmədi.
27 Padşah dərhal bir cəllad göndərib Yəhyanın başını gətirməyi əmr etdi. Cəllad gedib zindanda Yəhyanın boynunu vurdu
28 və onun başını bir sini içində gətirib qıza verdi. Qız da onu anasına verdi.
29 Yəhyanın şagirdləri isə bunu eşidəndə gəlib onun cəsədini götürdülər və qəbirə qoydular.
30 Həvarilər İsanın yanına yığıldı və gördükləri işlər, öyrətdikləri təlim haqqında Ona nəql etdilər.
31 İsa onlara dedi: «Gəlin kimsəsiz yerdə bir az dincəlin». Çünki gəlib-gedən çox olduğundan yemək yeməyə belə, vaxt tapmırdılar.
32 Onlar da ayrılıb qayığa minərək hər biri təkbaşına kimsəsiz bir yerə getdilər.
33 Gedərkən camaat onları gördü və çoxu tanıdı; bütün şəhərlərdən axışıb piyada getdilər, onlardan qabaq oraya çatdılar.
34 İsa sahilə düşəndə böyük bir izdiham gördü və onlara rəhmi gəldi. Çünki onlar çobansız qoyunlara bənzəyirdi. İsa onlara çox şeylər haqqında təlim öyrətməyə başladı.
35 Vaxt keçirdi. Şagirdləri gəlib İsaya dedilər: «Bura çöllükdür, artıq gecdir.
36 Camaatı burax, qoy gedib ətrafdakı kənd və obalardan özlərinə bir şey alıb yesinlər».
37 Amma İsa onlara cavab verdi: «Onlara yeməyi siz verin». Şagirdlər İsaya dedilər: «Bəlkə gedib iki yüz dinarlıq çörək alaq və onlara verək ki, yesinlər?»
38 Amma İsa onlara dedi: «Gedin baxın, neçə çörəyiniz var?» Onlar da baxıb dedilər: «Beş çörəyimiz və iki balığımız var».
Mark 6 in Azərbaycan dilində Müqəddəs Kitab