Text copied!
Bibles in South Azerbaijani

Luka 9:19-46 in South Azerbaijani

Help us?

Luka 9:19-46 in Azərbaycan dilində Müqəddəs Kitab

19 Onlar belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, qədim peyğəmbərlərdən biri dirilib».
20 İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter cavab verdi: «Sən Allahın Məsihisən».
21 İsa şagirdlərinə qadağan edib əmr etdi ki, bunu heç kəsə danışmasınlar.
22 O dedi: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd olunmalı, öldürülməli və üçüncü gün dirilməlidir».
23 Sonra hamısına söylədi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və hər gün çarmıxını götürüb ardımca gəlsin.
24 Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənim uğrumda canını itirirsə, onu xilas edəcək.
25 İnsan bütün dünyanı qazanıb canını məhv edər yaxud itirərsə, ona nə xeyri var?
26 Kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Özünün, Atasının və müqəddəs mələklərin izzəti içində gələndə o adamdan utanacaq.
27 Amma sizə həqiqəti deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığını görmədən ölməyəcək».
28 Bu sözləri söyləyəndən təxminən səkkiz gün keçmişdi. İsa Özü ilə Peter, Yəhya və Yaqubu götürüb dua etmək üçün dağa çıxdı.
29 İsa dua edərkən üzünün görünüşü dəyişdi və libası gözqamaşdırıcı ağ rəng aldı.
30 O anda iki nəfər İsa ilə söhbət etməyə başladı. Onlar Musa və İlyas idi.
31 Onlar ehtişam içində göründülər və İsanın Yerusəlimdə yerinə yetirəcəyi bu dünyadan ayrılması barədə danışırdılar.
32 Peter və onun yoldaşları dərin yuxuya dalmışdılar. Yuxudan ayılanda isə İsanın ehtişamını və yanında duran iki kişini gördülər.
33 Onlar İsanın yanından gedəndə Peter İsaya dedi: «Ustad! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün». Əslində o nə dediyini bilmirdi.
34 Peter bunu deyən zaman bir bulud gəldi və onların üzərinə kölgə saldı. Buluda daxil olarkən onları dəhşət bürüdü.
35 Buluddan bir səs gəldi: «Bu Mənim Oğlumdur, seçilmişimdir, Ona qulaq asın!»
36 Səs kəsiləndə onlar İsanı tək gördülər. Şagirdlər bunu sirr olaraq saxlayıb o günlərdə gördüklərini heç kimə danışmadılar.
37 Ertəsi gün onlar dağdan enəndə İsanı böyük bir izdiham qarşıladı.
38 Camaat arasından bir kişi çığırdı: «Müəllim, yalvarıram, oğluma nəzər sal, o mənim yeganə balamdır.
39 Bir ruh onu tutur, o birdən bağırır. Ruh onu ağzından köpük gələnəcən sarsıdır. Ona əziyyət verib güc-bəla ilə onu tərk edir.
40 Mən şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar».
41 İsa da ona cavab verdi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər Mən sizinlə qalıb sizə dözəcəyəm? Oğlunu yanıma gətir».
42 Oğlan İsaya yaxınlaşarkən cin onu yerə atıb sarsıtdı. Amma İsa natəmiz ruha qadağan etdi, oğlanı sağaldıb atasına qaytardı.
43 Hamı Allahın əzəmətinə təəccüblənirdi. Onlar hamısı İsanın etdiyi işlərə heyrət edərkən O, şagirdlərinə dedi:
44 «Bu sözlərə qulaq asın: Bəşər Oğlu insan əllərinə təslim edilmək üzrədir».
45 Lakin şagirdlər bu sözü başa düşmədilər. Bu sözün mənası onlar üçün gizli qaldı və Ondan bu söz barədə soruşmaqdan da qorxurdular.
46 Şagirdlər aralarında kimin ən böyük olduğu barədə mübahisə etməyə başladılar.
Luka 9 in Azərbaycan dilində Müqəddəs Kitab