Text copied!
Bibles in South Azerbaijani

Luka 8:22-46 in South Azerbaijani

Help us?

Luka 8:22-46 in Azərbaycan dilində Müqəddəs Kitab

22 Bir gün İsa Öz şagirdləri ilə bir qayığa mindi və onlara dedi: «Gəlin gölün o biri sahilinə keçək». Onlar yola düşdülər.
23 Onlar qayıqda gedərkən İsanı yuxu apardı. Göldə tufan qopdu. Qayıq su ilə dolmağa başlayanda onlar təhlükəli vəziyyətə düşdülər.
24 Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ustad, Ustad, biz həlak oluruq!» İsa durub küləyə və qalxan sulara qadağan etdi. Tufan dayandı və sükut çökdü.
25 Onda O, şagirdlərinə dedi: «Sizin imanınız haradadır?» Onlarsa qorxu və heyrət içində qalıb bir-birlərindən soruşurdular: «Bu Adam kimdir ki, həm küləklərə, həm suya əmr verir, onlar da itaət edir?»
26 Sonra onlar Qalileyanın qarşısında yerləşən Gerasalıların diyarına gəldilər.
27 İsa qayıqdan sahilə düşəndə şəhərdən olan bir nəfər Onunla qarşılaşdı. Cinlərə tutulmuş və xeyli vaxtdır ki, paltar geyməyən bu adam evdə yox, qəbir mağaralarında yaşayırdı.
28 O, İsanı görən kimi bağırıb Onun qarşısında diz çökdü və bərkdən çığıra-çığıra dedi: «Ey İsa, Allah-Taalanın Oğlu, məndən nə istəyirsən? Yalvarıram Sənə, mənə əzab vermə!»
29 Çünki İsa natəmiz ruha əmr etmişdi ki, həmin adamdan çıxsın. Bu ruh o adamı çoxdan tutmuşdu. Buna görə də o adamı qorumaq üçün onu zəncir və buxovlarla bağlamışdılar. O isə zəncirləri qıraraq cin tərəfindən çölə qovulurdu.
30 İsa ondan soruşdu: «Sənin adın nədir?» O cavab verdi: «Adım Qoşundur». Çünki onun daxilinə çox cin girmişdi.
31 Onlar dibsiz dərinliyə düşmələrini əmr etməsin deyə İsaya yalvarırdılar.
32 Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı. Cinlər İsaya yalvardılar ki, donuzların içinə girməyə izin versin. İsa da onlara izin verdi.
33 Cinlər adamdan çıxıb donuzların içinə girdi. Sürü də uçurumdan aşağı, gölə atılıb boğuldu.
34 Donuz otaranlar bunları görüb qaçdılar, bu xəbəri şəhər və kəndlərdə yaydılar.
35 Camaat nə baş verdiyinə tamaşa etməyə çıxdı. Onlar İsanın yanına gəldilər, daxilindən cinlər çıxmış adamın İsanın ayaqları yanında geyinmiş və ağıllanmış oturduğunu görüb qorxuya düşdülər.
36 Hadisəni görənlərsə cinə tutulmuş adamın necə sağaldığını camaata danışdılar.
37 Gerasalıların ətraf diyarındakı bütün xalq İsadan xahiş etdi ki, oranı tərk etsin, çünki onları böyük qorxu bürümüşdü. İsa da qayığa minib geri qayıtdı.
38 Daxilindən cinlər çıxmış kişi İsanın yanında qalmaq üçün Ona yalvardı.
39 Amma İsa ona «qayıt evinə və Allahın sənə etdiyi hər şeyi danış» deyərək onu buraxdı. Bu adam da gedib İsanın ona etdiyi hər şeyi bütün şəhərə yaydı.
40 İsa geri qayıtdıqda xalq Onu qəbul etdi, çünki hamı Onu gözləyirdi.
41 Bu vaxt Yair adlı sinaqoq rəisi olan bir kişi gəlib İsanın ayaqlarına düşdü və Ona yalvardı ki, evinə gəlsin.
42 Çünki onun on iki yaşın içində olan bircə qızı var idi və o, can üstə idi. İsa oraya gedərkən izdiham Onu sıxışdırırdı.
43 Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi. O bütün varını həkimlərə xərcləmişdi, lakin onların heç biri ona şəfa verə bilməmişdi.
44 Bu qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu və o andaca onun qanaxması dayandı.
45 İsa dedi: «Mənə toxunan kim idi?» Lakin hamı bunu inkar edəndə Peter dedi: «Ustad, izdiham Səni əhatə edib sıxışdırır».
46 Amma İsa dedi: «Mənə kimsə toxundu, çünki Məndən qüvvət çıxdığını bildim».
Luka 8 in Azərbaycan dilində Müqəddəs Kitab