Text copied!
Bibles in South Azerbaijani

Luka 22:31-62 in South Azerbaijani

Help us?

Luka 22:31-62 in Azərbaycan dilində Müqəddəs Kitab

31 Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyə icazə istədi.
32 Amma Mən imanın itməsin deyə sənin üçün dua etdim. Sən də bir zaman geri dönüb öz qardaşlarını qüvvətləndir».
33 O, İsaya cavab verdi: «Ya Rəbb, mən Səninlə zindana da, ölümə də getməyə hazıram».
34 Amma İsa dedi: «Peter, sənə bunu deyirəm: bu gün xoruz banlamazdan əvvəl sən Məni tanıdığını üç dəfə inkar edəcəksən».
35 Sonra şagirdlərə dedi: «Mən sizi kisəsiz, torbasız və çarıqsız göndərəndə bir şeydə korluq çəkmisinizmi?» Onlar cavab verdilər: «Heç bir şeydə».
36 Onda İsa onlara dedi: «İndi isə kisəsi və torbası olan bunları götürsün. Qılıncı olmayan da öz paltarını satıb qılınc alsın.
37 Çünki sizə deyirəm: bu yazılmış olan “Üsyankarlara tay tutuldu” sözü Məndə tam yerinə yetməlidir. Çünki Mənim barəmdə yazılanlar tamam olur».
38 Onlar dedilər: «Ya Rəbb, budur, burada iki qılınc var». O isə onlara dedi: «Bu kifayətdir».
39 İsa çıxıb adətinə görə Zeytun dağına getdi. Şagirdlər də Onun ardınca getdi.
40 Oraya çatanda İsa onlara dedi: «Dua edin ki, sınağa düşməyəsiniz».
41 İsa Özü isə onlardan bir daş atımı qədər uzaqlaşdı və diz çöküb dua etdi.
42 O belə dedi: «Ey Ata, əgər Sənin iradənə məqbuldursa, bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun».
43 Göydən bir mələk İsaya göründü və Onu qüvvətləndirdi.
44 İsa dəhşətli iztirab içində daha səylə dua edirdi. Onun təri yerə düşən qan damlalarına bənzəyirdi.
45 İsa duadan qalxıb şagirdlərin yanına gəldi, onları kədərdən üzülmüş və yatmış tapdı.
46 O, şagirdlərə dedi: «Nə üçün yatırsınız? Qalxın, dua edin ki, sınağa düşməyəsiniz».
47 İsa hələ danışarkən bir izdiham göründü. On İki şagirddən biri, Yəhuda adlı bir nəfər onlardan qabaqda gedirdi. O, İsanı öpmək üçün yaxınlaşdı.
48 Amma İsa ona dedi: «Yəhuda, sən Bəşər Oğlunu bir öpüşləmi satırsan?»
49 İsanın ətrafında olanlar nə baş verəcəyini görəndə Ona dedilər: «Ya Rəbb, bəlkə qılıncla vuraq?»
50 Onlardan biri baş kahinin qulunu vurub sağ qulağını qopartdı.
51 Lakin İsa dedi: «Bəsdir, eləməyin». Sonra qulun qulağına toxunaraq onu sağaltdı.
52 İsa üstünə gələn başçı kahinlərə, məbəd mühafizəçilərinin başçılarına və ağsaqqallara dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə gəlmisiniz?
53 Mən hər gün məbəddə sizinlə birlikdə olanda siz Mənə əl qaldırmadınız. Amma indi sizin vaxtınızdır, zülmət hökmranlığıdır».
54 İsanı tutub apardılar və baş kahinin evinə gətirdilər. Peter isə uzaqdan Onun ardınca gedirdi.
55 Həyətin ortasında tonqal qalanmışdı. Peter gəlib onun ətrafında oturanların arasında oturdu.
56 Qarabaşlardan biri tonqalın işığında oturan Peteri gördü. Ona diqqətlə baxıb dedi: «Bu adam da İsa ilə birlikdə idi».
57 Amma Peter «Ay arvad, mən Onu tanımıram!» deyərək Onu inkar etdi.
58 Bir az sonra başqa bir adam onu görüb dedi: «Sən də onlardansan». Amma Peter dedi: «Ay kişi, mən deyiləm!»
59 Bir saata yaxın vaxt keçdi və digər bir adam təkidlə dedi: «Doğrudan da, bu adam da Onunla birlikdə idi, çünki Qalileyalıdır».
60 Peter isə dedi: «Ay kişi, dediyini başa düşmürəm». Elə o danışdığı an xoruz banladı.
61 Onda Rəbb dönüb Peterə baxdı. Peter Rəbbin «bu gün xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı.
62 Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.
Luka 22 in Azərbaycan dilində Müqəddəs Kitab