Text copied!
Bibles in South Azerbaijani

Luka 1:8-42 in South Azerbaijani

Help us?

Luka 1:8-42 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Bir gün Zəkəriyyə öz bölüyünün növbəsində Allahın önündə kahinlik xidmətini icra edirdi.
9 Rəbbin məbədinə daxil olub buxur yandırmaq üçün kahinlik adətinə görə atılan püşk ona düşdü.
10 Buxur yandırma zamanı bütün camaat məbəddən kənarda dua edirdi.
11 Bu vaxt Rəbbin bir mələyi buxur qurbangahının sağında durub Zəkəriyyəyə göründü.
12 Zəkəriyyə bunu görüb təlaşa düşdü və çox qorxdu.
13 Mələk isə ona dedi: «Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhya qoy.
14 Sən sevinib şadlanacaqsan. Çox adam onun dünyaya gəlməsinə görə sevinəcək.
15 Çünki o, Rəbbin gözündə böyük olacaq. O, şərab və başqa kefləndirici içki içməyəcək; hələ ana bətnində olarkən Müqəddəs Ruhla dolu olacaq.
16 O, İsrail övladlarının çoxunu Allahı Rəbb tərəfə döndərəcək.
17 Ataların ürəklərini övladlarına, itaətsiz adamları salehlərin düşüncə tərzinə yönəltmək və Rəbbə hazırlanmış xalqı yetişdirmək üçün İlyasın ruhu və qüdrəti ilə Rəbbin önündə gedəcək».
18 Zəkəriyyə mələyə dedi: «Mən bunu necə bilərəm? Axı mən çox yaşlıyam, elə arvadımın da yaşı ötüb».
19 Mələk ona cavab verdi: «Mən Allahın önündə dayanan Cəbrayılam və səninlə danışıb bu müjdəni sənə çatdırmaq üçün göndərilmişəm.
20 Budur, vaxtında həyata keçəcək sözlərimə inanmadığına görə bu yerinə yetən günədək sən lal olub danışa bilməyəcəksən».
21 Bu vaxt camaat Zəkəriyyəni gözləyirdi və onun məbəddə ləngiməsinə heyrət edirdi.
22 O isə məbəddən çıxıb xalqla danışa bilmədi. Onlar da Zəkəriyyənin məbəddə görüntü gördüyünü başa düşdülər. Zəkəriyyə xalqa işarə edirdi və lal olaraq qaldı.
23 Zəkəriyyə xidmət vaxtı qurtaranda evinə qayıtdı.
24 Bu vaxtdan sonra arvadı Elizavet uşağa qaldı və beş ay evindən çıxmadı.
25 O deyirdi: «Bunu mənim üçün Rəbb etdi. Bu vaxt O mənə nəzər salıb məni el arasında xəcalətdən qurtardı».
26 Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə,
27 Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi.
28 Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir».
29 Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı.
30 Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun.
31 Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy.
32 O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək.
33 O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq».
34 Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm».
35 Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq.
36 Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir.
37 Çünki Allah üçün mümkün olmayan şey yoxdur».
38 Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi.
39 O vaxt Məryəm tələsik qalxıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə yollandı.
40 O, Zəkəriyyənin evinə girib Elizaveti salamladı.
41 Elizavet Məryəmin salamını eşidəndə bətnindəki körpə tərpəndi. Elizavet də Müqəddəs Ruhla dolub
42 uca səslə çığırdı: «Sən qadınlar arasında xeyir-dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır!
Luka 1 in Azərbaycan dilində Müqəddəs Kitab