Text copied!
Bibles in South Azerbaijani

Luka 12:6-35 in South Azerbaijani

Help us?

Luka 12:6-35 in Azərbaycan dilində Müqəddəs Kitab

6 Beş sərçə iki qara pula satılmırmı? Onlardan biri belə, Allahın qarşısında yaddan çıxmır.
7 Sizin başınızdakı saçlar belə, sayılıb. Qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz.
8 Mən sizə deyirəm: insanlar qarşısında Məni iqrar edən hər kəsi Bəşər Oğlu da Allahın mələkləri qarşısında iqrar edəcək.
9 Amma insanlar önündə Məni inkar edən özü də Allahın mələkləri önündə inkar olunacaq.
10 Bəşər Oğluna qarşı bir söz deyən hər kəs bağışlanacaq; amma Müqəddəs Ruha küfr edən bağışlanmayacaq.
11 Sizi sinaqoqlara, başçıların və hökmdarların qarşısına gətirəndə özünüzü necə müdafiə edəcəyiniz və yaxud nə deyəcəyiniz barədə qayğı çəkməyin.
12 Müqəddəs Ruh sizə o anda nə deməli olduğunuzu öyrədəcək».
13 İzdihamdan bir nəfər İsaya dedi: «Müəllim, qardaşıma de ki, mirası mənimlə bölsün».
14 İsa ona belə cavab verdi: «Ey insan, Məni kim üzərinizə hakim ya vəkil qoyub?»
15 Sonra İsa onlara dedi: «Diqqətli olun, hər cür tamahkarlıqdan özünüzü qoruyun. Çünki insanın həyatı var-yoxunun bolluğundan asılı deyil».
16 İsa onlara bu məsəli danışdı: «Bir varlının torpağı bol məhsul verdi.
17 Bu adam ürəyində düşündü: “Məhsulumu qoymağa yerim yoxdur. Axı nə edim?”
18 Sonra dedi: “Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikəcəyəm. Bütün taxılımı və malımı oraya yığaram.
19 Canıma deyərəm: ey canım, illərlə kifayət qədər var-dövlət yığmısan. İndi dincəl, ye-iç, kef elə”.
20 Amma Allah ona dedi: “Ay axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq?”
21 Özü üçün xəzinə toplayan, amma Allahın önündə varlı olmayan hər bir insanın axırı da elə olacaq».
22 İsa Öz şagirdlərinə belə dedi: «Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin.
23 Can yeməkdən, bədənsə geyinməkdən daha vacibdir.
24 Qarğalara baxın: onlar nə əkir, nə də biçir, nə anbarları, nə də zirzəmiləri var. Amma Allah onları yedizdirir. Siz quşlardan nə qədər qiymətlisiniz!
25 Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər?
26 Əgər siz elə balaca şeyi etməyi bacarmırsınızsa, nə üçün başqa şeylərin qayğısını çəkirsiniz?
27 Zanbaqların necə böyüdüyünə baxın: onlar nə zəhmət çəkir, nə də ip əyirir. Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi.
28 Ey imanı az olanlar, bu gün çöldə olub sabah ocağa atılan otu Allah belə geyindirirsə, sizi geyindirəcəyi nə qədər yəqindir!
29 “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” deyə axtarıb narahat olmayın.
30 Çünki dünyadakı bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Atanız bunlara ehtiyacınız olduğunu bilir.
31 Lakin siz Allahın Padşahlığını axtarın, onda bunlar da sizə əlavə olaraq veriləcək.
32 Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü.
33 Əmlakınızı satın və sədəqə verin. Özünüzə köhnəlməyən kisələr, göylərdə tükənməyən xəzinə hazırlayın. Oraya nə oğru gələr, nə də onu güvə yeyər.
34 Çünki xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq».
35 «Qoy qurşaqlarınız bellərinizdə bağlı və çıraqlarınız yana-yana qalsın.
Luka 12 in Azərbaycan dilində Müqəddəs Kitab