Text copied!
Bibles in South Azerbaijani

Levililər 8:13-29 in South Azerbaijani

Help us?

Levililər 8:13-29 in Azərbaycan dilində Müqəddəs Kitab

13 Sonra Musa Harunun oğullarını irəli gətirdi, onlara xirqə geyindirdi, bellərinə qurşaq bağladı və başlarına papaq qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
14 Bundan sonra Musa günah qurbanı üçün nəzərdə tutulmuş buğanı gətirdi. Harunla oğulları həmin buğanın başına əllərini qoydular.
15 Musa buğanı kəsdi, qanını götürüb barmağı ilə qurbangahın buynuzlarının ətrafına çəkərək qurbangahı pak etdi. Sonra qanın qalan hissəsini qurbangahın altlığına tökdü və murdarlığını kəffarə etmək üçün onu təqdis etdi.
16 Musa heyvanın içalatının üstündəki bütün piyi, qaraciyərin quyruğa bənzər hissəsini, hər iki böyrəklə piyini götürərək qurbangahda tüstülədib yandırdı.
17 Buğanı – dərisini, ətini və bağırsaqlarını düşərgənin kənarında yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
18 Musa yandırma qurbanı üçün nəzərdə tutulmuş qoçu gətirdi. Harunla oğulları əllərini qoçun başına qoydular.
19 Musa qoçu kəsdi və qanını qurbangahın hər tərəfinə səpdi.
20 Qoçu parça-parça doğradı; Musa qoçun başını, parçalarını və piyini tüstülədib yandırdı.
21 Sonra içalatını və budlarını su ilə yudu və bütün qoçu qurbangahda tüstülədib yandırdı. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
22 Musa o biri qoçu – təqdis qoçunu gətirdi; Harun və oğulları əllərini qoçun başına qoydular.
23 Musa onu kəsdi; qanından bir az götürüb Harunun sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına çəkdi.
24 Bundan sonra Musa Harunun oğullarını gətirib onların sağ qulaq mərcəklərinə, sağ əllərinin baş barmaqlarına və sağ ayaqlarının baş barmaqlarına qan çəkdi. Musa heyvanın qanını qurbangahın hər tərəfinə səpdi.
25 Sonra piyini, quyruğunu, içalatının üstündəki piyi, qaraciyərinin quyruğa bənzər hissəsini, hər iki böyrəklə piyini və sağ budunu götürdü.
26 Rəbbin önündə olan mayasız çörəklər səbətindən bir mayasız kökə, bir zeytun yağı ilə yoğrulmuş çörək kökəsi və bir qoğal götürüb piylə sağ budun üstünə qoydu.
27 O bunların hamısını Rəbbin hüzurunda yellətmə təqdimi üçün Harunun və oğullarının əllərinə verdi.
28 Sonra Musa həmin şeyləri onların əllərindən alıb qurbangahda yandırma qurbanı ilə birlikdə tüstülədib yandırdı. Bu, təqdis qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
29 Musa döş ətini götürdü və onu Rəbbin hüzurunda yellədərək təqdim etdi. Bu, təqdis qurbanı olan qoçdan Musanın payı idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.
Levililər 8 in Azərbaycan dilində Müqəddəs Kitab