Text copied!
Bibles in South Azerbaijani

Levililər 7:7-27 in South Azerbaijani

Help us?

Levililər 7:7-27 in Azərbaycan dilində Müqəddəs Kitab

7 Günah qurbanına da, təqsir qurbanına da aid olan təlimat eynidir: qurbanın əti həmin qurbanla kəffarə edən kahinə məxsus olsun.
8 Bir adamın gətirdiyi yandırma qurbanının dərisi də həmin qurbanı təqdim edən kahinə məxsus olsun.
9 Təndirdə bişirilmiş hər taxıl təqdimi, tavada, sacda hazırlanan hər bir şey onu götürüb təqdim edən kahinə məxsus olsun.
10 Zeytun yağı ilə yoğrulmuş yaxud hər quru taxıl təqdimi isə bütün Harun övladları arasında bərabər paylara bölünsün.
11 Rəbbə təqdim olunan ünsiyyət qurbanına aid olan təlimat budur.
12 Əgər kimsə onu təşəkkür etmək üçün qurban gətirsə, onda o, zeytun yağı ilə yoğrulmuş mayasız kökələr, üstünə zeytun yağı sürtülmüş mayasız qoğallar və zeytun yağı ilə narın undan yoğrulmuş kökələr gətirsin.
13 Bundan əlavə, o, mayalı çörək kökələrini təşəkkür ifadə edən ünsiyyət qurbanı ilə təqdim olaraq gətirsin.
14 Bunların hər növündən birini Rəbbə qaldırılan pay kimi təqdim etsin. O, ünsiyyət qurbanının qanını səpən kahinə məxsus olsun.
15 Təşəkkür ifadə edən ünsiyyət qurbanının əti qurban kəsilən gün yeyilsin. O, səhərə qədər qalmamalıdır.
16 Əgər kimsə verdiyi əhdə görə yaxud könüllü təqdim olaraq qurban gətirərsə, qurbanın əti kəsildiyi gün yeyilsin, qalan hissəsi isə sabahkı gün yeyilə bilər,
17 lakin üçüncü günə qalan qurbanlıq əti yandırılsın.
18 Əgər ünsiyyət qurbanlarının ətindən üçüncü gün yeyilsə, o qurbanı gətirən adam qəbul olunmaz və qurban onun xeyrinə sayılmaz, bu ət iyrənc sayılar və onu yeyən adam cəzasını çəkər.
19 Murdar sayılan hər hansı bir şeyə toxunan ət yeyilməməli və yandırılmalıdır. Hər pak adam murdar ətdən başqa hər cür ət yeyə bilər;
20 murdar halda isə Rəbbə kəsilən ünsiyyət qurbanının ətini yeyən hər kəs xalqı arasından qovulsun.
21 Bir nəfər hər hansı murdar əşyaya, insandan ifraz olan murdarlığa yaxud murdar bir heyvana yaxud hər hansı iyrəndirici bir murdar şeyə toxunub sonra da Rəbbin ünsiyyət qurbanının ətindən yeyərsə, xalqı arasından qovulsun”».
22 Rəbb Musaya dedi:
23 «İsrail övladlarına belə de: “Mal-qara, qoyun və keçi piyini yeməyin.
24 Təbii yolla ölən yaxud parçalanıb ölən heyvanın piyini hər bir başqa iş üçün işlədə bilərsiniz, lakin onu qətiyyən yemək olmaz.
25 Rəbb üçün yandırma təqdimi olaraq verilən heyvanın piyindən yeyən hər kəs xalqı arasından qovulsun.
26 Bütün yaşadığınız yerlərdə heç vaxt quşların və heyvanların qanını yeməyin;
27 qan yeyən hər kəs xalqı arasından qovulsun”».
Levililər 7 in Azərbaycan dilində Müqəddəs Kitab