Text copied!
Bibles in South Azerbaijani

Levililər 26:6-26 in South Azerbaijani

Help us?

Levililər 26:6-26 in Azərbaycan dilində Müqəddəs Kitab

6 Ölkənizə sülh verəcəyəm; yatanda sizi vahiməyə salan olmayacaq. Yırtıcı heyvanları ölkədən qovacağam və müharibə üzü görməyəcəksiniz.
7 Düşmənlərinizi qovacaqsınız, onlar döyüş zamanı qarşınızda həlak olacaqlar.
8 Beşiniz yüz adamı, yüzünüz on min adamı qovacaq. Düşmənləriniz döyüş zamanı qarşınızda həlak olacaqlar.
9 Mən üzümü sizə çevirəcəyəm, sizi artırıb çoxaldacağam, sizinlə olan Öz əhdimi yerinə yetirəcəyəm.
10 Saxladığınız məhsul bütün il boyu sizə çatacaq. Yeni məhsula yer tapmaq üçün köhnəni boşaltmalı olacaqsınız.
11 Üstəlik, Mən aranızda məskunlaşacağam və sizə nifrət etməyəcəyəm.
12 Mən həm də aranızda yaşayıb sizin Allahınız olacağam, siz isə Mənim xalqım olacaqsınız.
13 Sizi Misir torpağından çıxardan və onların köləliyindən azad edən, boyunduruğunuzu qırıb başınızı uca edən Allahınız Rəbb Mənəm.
14 Amma əgər Mənə qulaq asıb bütün bu əmrlərimə əməl etməsəniz,
15 əvəzində qaydalarıma xor baxıb hökmlərimi qəlbinizdən rədd etsəniz, Mənim bütün əmrlərimə əməl etməyib, əhdimi pozsanız,
16 Mən sizə bunu edəcəyəm: göz çıxaran və qəlbi sıxan fəlakət, vərəm, qızdırma göndərəcəyəm. Toxumlarınızı hədər yerə əkəcəksiniz; düşmənləriniz onlardan əmələ gələn məhsulu yeyəcək.
17 Üzümü sizdən döndərəcəyəm, düşmənlərinizin qarşısında məğlub olacaqsınız, yağılarınız üzərinizdə hökm sürəcək; sizi qovan olmasa da, qaçacaqsınız.
18 Əgər buna baxmayaraq yenə də Mənə qulaq asmasanız, o vaxt günahlarınıza görə sizi yeddi qat artıq tənbeh edəcəyəm.
19 Öyündüyünüz güclü təkəbbürünüzü qıracağam. Başınız üzərində olan göyləri dəmir və ayağınız altındakı yeri tunc kimi edəcəyəm ki,
20 qüvvətiniz tükənsin; nə torpağınız məhsul, nə də ağaclarınız meyvə verəcək.
21 Əgər Mənə qarşı çıxıb sözlərimə hələ də qulaq asmaq istəməsəniz, Mən sizə günahlarınıza görə yeddiqat artıq bəla göndərəcəyəm.
22 Üstünüzə vəhşi heyvanlar göndərəcəyəm. Onlar övladlarınızı öldürüb, ev heyvanlarınızı parçalayacaq. Buna görə sayınız elə azalacaq ki, yollarınız viran qalacaq.
23 Əgər bunlardan ibrət dərsi almayıb Mənə qarşı çıxmaqda davam etsəniz,
24 Mən də sizə qarşı çıxacağam və günahlarınıza görə yenə də yeddiqat artıq cəzalandıracağam.
25 Əhdi pozduğunuza görə qisas almaq üçün üstünüzə müharibə göndərəcəyəm. Siz şəhərlərinizdə sığınanda aranıza vəba salacağam ki, düşmənin əlinə düşəsiniz.
26 Çörəyinizin kökünü kəsəcəyəm. On qadın bir təndirdə çörək bişirəcək və onu sizə çəki ilə paylayacaq, siz isə yeyib doymayacaqsınız.
Levililər 26 in Azərbaycan dilində Müqəddəs Kitab