Text copied!
Bibles in South Azerbaijani

Levililər 26:2-18 in South Azerbaijani

Help us?

Levililər 26:2-18 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Şənbə istirahət günlərimə riayət edin, Müqəddəs məkanıma ehtiramla yanaşın. Rəbb Mənəm.
3 Əgər qaydalarımla yaşayıb əmrlərimə səylə əməl etsəniz,
4 sizə mövsümündə yağış göndərəcəyəm ki, torpaq öz məhsulunu, ağaclar isə meyvələrini versin.
5 Sizin xırmanınız o qədər bol olacaq ki, onun döyülməsi üzüm yığımına qədər davam edəcək, üzümünüz o qədər bol olacaq ki, onun yığılması əkin vaxtına qədər davam edəcək. Çörəyinizi doyunca yeyib ölkənizdə arxayın yaşayacaqsınız.
6 Ölkənizə sülh verəcəyəm; yatanda sizi vahiməyə salan olmayacaq. Yırtıcı heyvanları ölkədən qovacağam və müharibə üzü görməyəcəksiniz.
7 Düşmənlərinizi qovacaqsınız, onlar döyüş zamanı qarşınızda həlak olacaqlar.
8 Beşiniz yüz adamı, yüzünüz on min adamı qovacaq. Düşmənləriniz döyüş zamanı qarşınızda həlak olacaqlar.
9 Mən üzümü sizə çevirəcəyəm, sizi artırıb çoxaldacağam, sizinlə olan Öz əhdimi yerinə yetirəcəyəm.
10 Saxladığınız məhsul bütün il boyu sizə çatacaq. Yeni məhsula yer tapmaq üçün köhnəni boşaltmalı olacaqsınız.
11 Üstəlik, Mən aranızda məskunlaşacağam və sizə nifrət etməyəcəyəm.
12 Mən həm də aranızda yaşayıb sizin Allahınız olacağam, siz isə Mənim xalqım olacaqsınız.
13 Sizi Misir torpağından çıxardan və onların köləliyindən azad edən, boyunduruğunuzu qırıb başınızı uca edən Allahınız Rəbb Mənəm.
14 Amma əgər Mənə qulaq asıb bütün bu əmrlərimə əməl etməsəniz,
15 əvəzində qaydalarıma xor baxıb hökmlərimi qəlbinizdən rədd etsəniz, Mənim bütün əmrlərimə əməl etməyib, əhdimi pozsanız,
16 Mən sizə bunu edəcəyəm: göz çıxaran və qəlbi sıxan fəlakət, vərəm, qızdırma göndərəcəyəm. Toxumlarınızı hədər yerə əkəcəksiniz; düşmənləriniz onlardan əmələ gələn məhsulu yeyəcək.
17 Üzümü sizdən döndərəcəyəm, düşmənlərinizin qarşısında məğlub olacaqsınız, yağılarınız üzərinizdə hökm sürəcək; sizi qovan olmasa da, qaçacaqsınız.
18 Əgər buna baxmayaraq yenə də Mənə qulaq asmasanız, o vaxt günahlarınıza görə sizi yeddi qat artıq tənbeh edəcəyəm.
Levililər 26 in Azərbaycan dilində Müqəddəs Kitab